Onlar Yalan Danışır ...

0
2607
Onlar Yalan Danışır ...

Dillə yalan danışmaq asandır və bunu hər kəs bacarır. Amma gəl ki, bədən dili yalan danışmaz.

Ağızdan çıxanın yalan olduğunu anlamaq üçün bədən dilini yaxşı bilmək lazımdır. Yalanı anlamaq üçün qarşıdakı adamın davranışlarını yaxşı analiz etmək lazımdır. Bir insanın gözünün içinə baxa-baxa yalan danışmaq çox çətindir.

Bunu hər kəs edə bilmir. Yalan danışan insan müəyyən bir müddət sonra göz təmasından qaçacaq, səs tonunda hiss ediləbiləcək dərəcədə dəyişikliklər olacaq. Dodaqlarda yüngül oynamalar, gülümsəmələr, baş yelləmələri, əl və qol hərəkətləri və göz bəbəklərinin kiçilməsi - bütün bunlar insanın yalan danışmasına işarə edə bilər.

Yalan danışan insanların əlləriylə etdikləri jestlər azalır. Adi halda əl jestləri ifadəni gücləndirmək məqsədiylə edilir. İnsanların əksəriyyəti danışdıqları sözlərin mənasını artırmaq üçün etdiyi əl hərəkətlərinin fərqində deyil.

İnsan danışarkən əlini yellədiyini bilir, ancaq əllərinin əslində nə məna kəsb etdiyini bilmir. Əllərinin hərəkət etdiyini bilmək, ancaq nə etdiyini tam olaraq bilməmək adamı şübhəyə salır və müdafiə müxanizmi işə düşür və beləcə əllərin hərəkətləri azalır. Və ya insan daxilən yaşadığı ziddiyyət səbəbindən əllərinin özünü ələ verəcəyindən qorxur və əllərini ya cibinə salır, ya üzərinə oturur və ya bir əliylə digərini tutur.

Bir insanla səmimi olaraq görüşdüyünüz zaman əllərinizi rahatlıqla göstərirsiniz, ovuclarınız yuxarıya doğru açıq olur. Ancaq yalan danışdığınız zaman əllərinizi ya arxanızda gizlədər, ya da ciblərinizə qoyarsınız. Yolda gedərkən söhbət əsnasında partnyorunuzun sizdən bir addım arxada getməsi, danışdıqlarından narahat olmasının siqnalı hesab oluna bilər.

Yalan danışan şəxs danışıq zamanı tez-tez əlini üzünə aparır. Əgər danışıq səmimi deyilsə, bu jestin sayı artır. Əl üzə gedən zaman çənəni tutmaq, ağzı örtmək, buruna toxunmaq, gözün altını qaşımaq, qulaq məməsini çəkmək və saçı oynatmaq müşahidə edilə bilər ki, bu da yalanı üzə çıxardan bədən hərəkətləridir. Uşaqlar yalan danışarkən əlləriylə ağızlarını bağlayırlar.

Yalan danışan insan tez-tez udqunur. Bədən yalan danışılmasına etiraz edir və boğazın vəzifələrini yerinə yetirməsini məhdudlaşdırır. Danışmaq da çətinləşir. Əgər insan yalan danışırsa, kəlmələri səsləndirmək üçün tez-tez udqunur, dodaqlarını yalayır. 

İnsanın göz hərəkətlərinə fikir verin. Yalanı gözdən aşkarlamaq metodu: qarşınızdakı insana cavabını bildiyiniz sualı verin. Cavabı fikirləşərkən gözlərinin haralara getdiyini diqqətlə izləyin. Hər bir şəxs doğru danışdığı zaman bir istiqamətdə baxır, yalanı danışanın gözləri "gəzir".

Əgər söhbət etdiyiniz şəxsdən harada olduğunu soruşsanız və o da öskürməyə başlasa bu yaxşı işarə deyil. Yalandan öskürmək klassik aldatma metodudur. Bədən yalana qarşı çıxmağa çalışır. Öskürmək hekayə uydurmaq üçün zaman qazanmaq şansını artırır.

İnsan nə qədər sürətli danışırsa yalan danışdığından şübhələnmək olar. İnsanlar elə düşünürlər ki, sürətli danışsalar yalanları ortaya çıxmayacaq.

Yalan danışan insan rahat nəfəs ala bilmir. Bu halda insanlar qarınlarıyla deyil, sinələriylə nəfəs alırlar.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN