İstəkli Kürəkən - Əsmər Yusifzadə (Altıncı Bölüm)

0
2028
İstəkli Kürəkən - Əsmər Yusifzadə (Altıncı Bölüm)

Bölüm iştirakçıları:

Zərif – magistraturada təhsil alır.
Çimnaz – anası, evdar qadındır.
Vasif – atası, məmurdur.
Şölə - Vasifin sevgilisidir.
Jalə - Şölənin bacısıdır.
Ləman – Çimnazın bacısıdır.
Maral – Zərifin qaynanasıdır.
Ağoppa – Zərifin əridir.
Xədicə - qonşu qız.
 
XXX
 
1/ Çimnazın mənzili.
Bacısı Ləman gəlir, görüşürlər.
Çimnaz – Nə yaxşı gəldin. Elə indicə toy kasetini gətiriblər, baxmaq istəyirdim.
Bacısı – Nə yaxşı. Mən də baxardım.
Çimnaz – Qoy çay gətirim, oturub bir yerdə baxaq (çay içirlər, kasetə baxırlar).
Bacısı – Toyda o qədər adam var idi ki, çoxlarını tanımadım. Yadlar qohumdan çox idi.
Çimnaz – Yad yox idi. Qohumlar idi, bir də tanışlar, Vasifin iş yoldaşları.
Bacısı – Sən bu adamların hamısını tanıyırsan? Bax, bu kimdir? (ekranda Şölə görünür).
Çimnaz – Vasifin iş yoldaşı.
Bacısı – Bunun geyiminə-keçiminə bax. Bütün bədəni qalıb bayırda. Elə bil özünü kiməsə göstərməyə gəlib.
Çimnaz – Sən bir fikir ver. Gör Vasif ona necə baxır?
Bacısı – Vasifin başı qarışıq idi. Onun arvadlara baxmağa vaxtı var idi?
Çimnaz – Sən bir diqqətlə bax, Vasif hardadırsa, bu da onun yanındadır. Başım toyda elə qarışıq olub ki, mən buna heç fikir verməmişəm.
Bacısı – Vasifi bu qara pıspısaya qısqanırsan? Sən də adam tapdın da.
Çimnaz – Sən Vasifi yaxşı tanımırsan.
Bacısı – Hər halda bu pıspısa sənə konkurent ola bilməz. Bundan arxayın ol.
 
XXX
 
2/ Çimnaz-Bacısı. Mənzil.
Çimnaz – Zəriflə hər gün telefonla danışırıq. O da darıxır.
Bacısı – Darıxacaq da. Zarafatdı bəyəm? Yaşadığı evdən, ata-anasından ayrılıb. Bir müddət çətin olacaq. Öz evinə, təzə ailəsinə öyrəşənə qədər belə olacaq. Bu yolu hamımız keçmişik də.
Çimnaz – Həftənin axırında onları qonaq çağıracam. Ayaqaçdı edərəm, sonra özləri tez-tez gəlib-gedərlər.
Bacısı – Tələsmə, qoy təzə evinə öyrəşsin. Öz ailəsinə nə qədər bağlı olsa, sənin üçün də yaxşı olacaq.
Çimnaz – Qızın düşdüyü yerdən də çox şey asılıdır. Maşallah, bu tərəfdən Zərifdən nigarançılığım yoxdur. Ağıllı qızdır, ərinin, qaynanasının münasibətini görüb, o da dəyişəcək. Hələ ərini sevəcək də. Əmin ol.
Bacısı – Təki belə olsun.
Çimnaz – Gəncdir, çox şeyi başa düşmür. Elə bilir ki, ailə qurmaq elə dum-dum halvasıdır. Gərək hər şeyi götür-qoy edəsən. Mən indi niyə rahatam? Bilirəm ki, qızımın yeri yaxşıdır, qayğısına qalan var.
Bacısı – Təki sən deyən kimi olsun.
 
XXX
 
3/ Şölənin mənzili.
Şölə-Jalə. Otaqda çanta-çamadanlar görünür.
Jalə - Xeyir ola? Hara hazırlaşırsan?
Şölə - Kurorta dincəlməyə. Axır ki, Vasif azadlığa çıxdı.
Jalə - Tutulmuşdu bəyəm? Türmədə idi?
Şölə - Katorqada idi. 25 illik sürgündən xilas oldu.
Jalə - Hə, çox ağır həyat sürüb Vasif müəllim. Bundan sonra onu xoşbəxt həyat gözləyir.
Şölə - Sən rişxənd elə. Gör neçə vaxtdır mən bu günü gözləyirdim. Qızını ərə verdi, qurtardı. İndi bizə mane ola biləcək kimsə yoxdu.
Jalə - Bəs arvadı?
Şölə - Arvad, uşaq qurtardı.
Jalə - Arvadından ayrılır?
Şölə - Ayrılacaq. Qızına görə qalmışdı. İndi məni maraqlandıran bu deyil. Mən Vasifin evində yaşamaq istəyirəm.
Jalə - Bəs Çimnaz? Sən subay kişiyə ərə getmirsən. Bunu nəzərə al.
Şölə - Əgər ora köçməsəm, Vasif mənə təzə ev almalı olacaq. Ondan da yaxşısını.
 
XXX
 
4/ Maralın mənzili.
Maral-Zərif. Zərif divanda oturub kitab oxuyur. Maral otağa daxil olur
Zərif – Salam, Maral xala (Maralın əlindən çantanı götürür)
Maral – Ehtiyatlı ol, içində əzilən şeylər var. Hə, de görüm neyləmisən? Ağa hardadır?
Zərif – Harasa getdi, yerini demədi.
Maral – Xörək hazırdı? Nə bişirmisən?
Zərif – Heç nə... Mən axı... bilmirəm nə bişirmək lazımdır.
Maral – Ərin harda olsa, indilərə gəlib çıxacaq. Bəs ona nə verəcəksən?
Zərif – Buterbrod hazırlayaram...
Maral – Buterbrodu səhər yeyərlər. Yemək vaxtında hazır olmalıdır. Kişi xeylağını buterbrodla doydurmaq olmaz. Belə eləsən gedib restoranda yeyəcək. Xoşun gələcək?
 
XXX
 
5/ Şölənin mənzili. Şölə-Vasif.
Şölə - Özümə təzə sportivni kostyum da aldım. Hər şey hazırdır. Vaxtı niyə uzadaq? Elə cümə günü yola çıxa bilərik. İşdən bir-iki saat tez çıx, gedək.
Vasif – Bu həftə alınmayacaq.
Şölə - Niyə? Yenə nə olub?
Vasif – Zərifgil bizə qonaq gələcəklər.
Şölə - Gəlsinlər də. Buna görə istirahətindən qalacaqsan? Böyütmüsən, ərə vermisən, bəsdir. İndi özün barədə fikirləş.
Vasif – Yaxşı düşməz. Qızım, kürəkənim toydan sonra birinci dəfə bizə gələcəklər, mən isə...
Şölə - Hardan gələcəklər? Amerikadan? Eyni şəhərdə yaşayırsınız da. 25 il Çimnazın qulluğunda dayandığın bəs deyil?
Vasif – Çimnaza görə yox, mən qızıma görə...
Şölə - Elə bilirsən sənə “sağ ol” deyən olacaq? Özün üçün yaşa. Hər gününün qədrini bil (nazlanır). Sən qayıdandan sonra bir də gələrlər.
 
XXX
 
6/ Çimnazın mənzili. Çimnaz-Vasif.
Vasif – Qonaqlıq üçün nə lazımdırsa, yaz, siyahını verərəm Camala, alıb gətirər. Mən burda olmayacam.
Çimnaz – Hara gedirsən? Necə olmayacaqsan? Sənin kürəkənin gəlir, sən hara gedə bilərsən?
Vasif – Mən olmasam gələ bilməzlər? Gəlsinlər də, sən ki, evdəsən.
Çimnaz – Mən ayrı, sən ayrı. Sən atasan. Sənin qızın...
Vasif – Mən qızıma nə lazımdırsa, eləmişəm, özü də artıqlamasıyla. Məni borclu çıxartma. Əgər istəyirsənsə, mən də həmin qonaqlıqda iştirak edim, saxla gələn həftəyə. Bu həftə mənim işim var.
Çimnaz – Sənə nə var ki, səhər çıxıb gecə gəlirsən. Sən qızını bir ay da görməsən, yadına düşməz. Mənin amma Zərifdən ötrü burnumun ucu göynəyir, mən darıxıram, balamı görmək istəyirəm.
Vasif – Sən darıxırsan deyə, mən işimdən-gücümdən olmalıyam?
Çimnaz – O nə işdi elə? Yəni qızından da vacibdir?
Vasif – Mənim öz işim ola bilməz? Sən nə istəsən, elə o olmalıdır?
Çimnaz – Sən, mən... bu nə deməkdir? Biz ailəyik! Bizim işimiz, məqsədimiz eyni olmalıdır. 25 ildən sonra...
Vasif – 25 il sən istəyən kimi olub. Daha bəsdir.
Çimnaz – Axı bu nə vacib işdir? Hara gedirsən? Nə vaxt gedirsən? Niyə bu işi təxirə salmaq olmaz?
Vasif – Komandirovkaya gedirəm, bu həftənin axırında. İş təcilidir. Təxirə salmaq olmaz. Suallarına cavab verə bildim?
 
XXX
 
7/ Çimnazın mənzili.
Qonaqlar var. Zərif də gəlir. Təkdir. Ana-bala qucaqlaşırlar.
Çimnaz – Nə gec gəldiniz. Hamı sizi gözləyir (təəccüblənir). Tək gəlmisən? Bəs ərin hanı?
Zərif – Ağa gəlmədi.
Çimnaz – Nə? Niyə? Nə olub? Xəstələnib?
Zərif – Yox xəstələnməyib. Ağa dedi ki, mən sizin həyətə maşınsız girə bilmərəm.
Çimnaz – Maşınsız gələ bilməz? Maşınla gəlsin də.
Zərif – Deyir ki, mən özümü camaatın içində biabır edə bilmərəm.
(Çimnaz xanım qızını mətbəxə çəkir. Asta səslə, narahatlıqla soruşur).
Çimnaz – Bir məni başa sal görüm nə olub?
Zərif – Ağanın maşını yoxdur. O da bizə gəlməyə utanır.
Çimnaz – Bəs o qırmızı maşın nə oldu?
Zərif – O, dostunun maşını imiş. Dostu gəlib apardı. Ağa deyir pulu olsa, 5 dəqiqənin içində maşın ala bilər.
(Mətbəxə Zərifin xalası, xalasıqızı daxil olurlar).
Xala – Ooo, Zərifgil gəliblər ki. Xoş gəlmisən, gəlin xanım. Heç səsiniz çıxmır. Ana-bala nə pıçıldaşırsınız?
(Zərif cavab vermir. Çimnaz xanım özünü zorla ələ alır).
Çimnaz –Ağa Zərifi qapıdan qoyub getdi. Maşını xarab olub. Düzəltdirib qayıdacaq.
Xala – Eh, bu cavanlar, maşın onlara hər şeydən vacibdir. Fikir eləmə, cavanlıqda belə şeylər olur.
Çimnaz – Sən keç qonaqların yanına. Zərif də özünü səliqəyə salıb gələcək.
(Qonaqlar mətbəxdən çıxan kimi anası Zərifə pıçıltı ilə) Zəng vur ərinə. De, maşını götürüb gəlsin. Pulunu mən verəcəm.
 
XXX
 
8/ Maralın mənzili. Maral-Zərif.
Zərif kompüterin qabağında oturub. Məşğuldur. Maral gəlir.
Maral – Zərif, sənə nişanda gətirdiyim boyunbağını niyə taxmırsan? Xoşun gəlmir?
Zərif – (ötəri) Nə bilim...
Maral – Təzə boyunbağılar gəlib. İstəyirsən səninkini aparıb dəyişim. Nə deyirsən?
Zərif – Necə istəyirsiniz edin. Mənim üçün fərqi yoxdur.
Maral – Necə fərqi yoxdur? Mənim üçün fərqi var. İstəyirəm mənim gəlinim ən axırıncı modelləri taxsın.
Zərif – Sağ olun. Mən onsuz da qızılı çox sevmirəm.
Maral – Qızıllarını harda saxlayırsan?
Zərif – Kamoddadır.
 
XXX
 
9/ Çimnazın mənzili.
Çimnaz-Zərif. Çimnaz diqqətlə qızına baxır.
Çimnaz – Danış, görüm necəsən? Təzə şəraitinə öyrəşə bilirsən?
Zərif – Çalışıram.
Çimnaz – Özünə fikir ver. Vaxtında ye, iç. Yenə bu nədi, qulağına taxmısan? O qədər qızılın, brilyantın ola-ola. Təzə gəlinsən, daha qız uşağı deyilsən. Sənin bijuteriya taxan vaxtın qurtardı.
Zərif – Bunlar mənim xoşuma gəlir. Paltarıma da yaraşır.
Çimnaz – Özünü ucuz tutma. Adama xarici görkəminə görə qiymət verirlər, qohum-qonşudan ayıbdır.
 
XXX
 
10/ Maralın mənzili. Maral-Zərif.
Zərif – Maral xala, boyunbağını kamoda qoymuşdum, yoxdur. Siz bilmirsiniz haradadır?
Maral – Aparıb onu satdım. Sənə demişdim ki, moddan düşüb. Neynirsən onu?
Zərif – Qolbağım da yoxdur.
Maral – Elə onu da aparıb qaytardım. Heç alanda da ürəyimcə deyildi. Təzələri gələcək. Jurnalda görmüşəm, onlardan alacam sənə. Onsuz da taxmırsan.
 
XXX
 
11/ Maralın mənzili. Maral-Zərif.
Maral – Zərif, vanna doludur çirkli paltarnan, onları niyə yumamısan? Cavan gəlinsən, səhərdən axşamacan nə işlə məşğulsan? Görən nə deyər?
Zərif – Vaxtım çatmır, dərslərim, kurs işlərim tökülüb qalıb.
Maral – Nə dərs, nə kurs işi? Sənin əsas işin evdir. Paltar da yumalısan, yemək də hazırlamalısan, ərinin qulluğunda da durmalısan...
Zərif – Bir həftədən sonra imtahanlarım başlayır. Mən hələ...
Maral – Sən ərli qadınsan. Sənin əsas işin evdir. Biz də gəlin olmuşuq. Bizim işimizi kim görüb?
Zərif – Axı siz deyirdiniz ki, evdə qulluqçu olacaq.
Maral – Qulluqçu? Var da! Odey, avtomat paltaryuyan maşın. Ondan yaxşı qulluqçu istəyirsən?
 
XXX
 
12/ Çimnazın mənzili.
Çimnaz-Zərif. Zərif anasıgilə qonaq gəlir.
Çimnaz – Yaxşı ki, gəldin. Elə darıxırdım ki. (stolun üstünə qab-qaşıq düzür, salat gətirir). Bilirsən nə bişirmişəm? İnanmayacaqsan. Düşbərə, yanında da qutab.
Zərif – Doğrudan? Nə əcəb səndən? Əvvəllər papa düşbərə, qutab istəyəndə deyərdin ki, xəmirlə əlləşməyə hövsələn yoxdur. İndi nə olub? Papa ezamiyyətdən qayıdıb?
Çimnaz – Yox, qayıtmayıb. Heç zəng də vurmayıb. Deyirdim ki, bu gün necə olsa, gəlib çıxar. Hələ ki, gəlməyib. Sən danış görüm necəsən?
(Zərif cavab vermir) Nə olub? Niyə dinmirsən?
Zərif – Heç nə olmayıb. İmtahanlara hazırlaşıram. Ev işləri də var. Onları da eləməliyəm.
Çimnaz – Sınıxmısan. Səni incitmirlər ki? Hə?
Zərif – Yox, incitmirlər. Hələ ki, ora isinişə bilmirəm, səndən ötrü, papadan ötrü, bu ev üçün çox darıxıram.
Çimnaz – Mənim balam. (Zərifi qucaqlayır) Sən təzə ailə qurmusan. Əlbəttə, çətindir. Hamıda belə olur. Sonra öz evinə elə öyrəşəcəksən ki, heç bu tərəflərə gəlməyəcəksən (zarafatla). Düşbərəni gətirim, isti-isti yeyək (mətbəxə keçir). Sirkə-sarımsaq istəyirsən?
 
XXX
 
13/ Maralın mənzili.
Zərif-Xədicə. Qapının zəngi çalınır. Zərif qapını açır. Gələn Xədicədir.
Xədicə - Salam.
Zərif – Salam (diqqətlə baxır).
Xədicə - (gülümsəyir) İçəri keçmək olar?
Zərif – Bəli, əlbəttə, buyurun, gəlin.
Xədicə - Deyəsən, məni tanımadınız?
Zərif – Sizi haradasa görmüşəm, amma yadıma sala bilmirəm.
Xədicə - Elə bu evdə. Siz Maral xalagilə pal-paltar almağa gəlmişdiniz. Ağoppanı da birinci dəfə onda gördünüz.
Zərif – Hə... yadıma düşdü. Siz bu evin qulluqçusu...
Xədicə - (gülür). Yox, mən qulluqçu deyiləm. Maral xalada belə şeylər var. Bəzən adamla elə əmrlə danışır ki, kənardan baxanlar deyirlər ki, o, xanımdır, yanındakı da onun qulluqçusu. Mən onun xasiyyətinə adət etmişəm.
Zərif – Niyə burda dayanmışıq? Keçin içəri. Əyləşin. Heç adınızı da bilmirəm.
Xədicə - Adım Xədicədir. Bura mənim evimdir.
Zərif – Başa düşmədim. Nə dediniz?
Xədicə - Sənin xəbərin yoxdur?
Zərif – Nədən?
Xədicə - Sənə deməyiblər? Bu ev mənə atamdan qalıb. Atam çoxdan rəhmətə gedib. Anam 2 il bundan qabaq bir xarici vətəndaşa ərə gedib. İndi Hollandiyada yaşayır. Ev boş qalmasın deyə Maral xalaya kirayə vermişəm, mən anamın yanında idim, Hollandiyada. Təzəcə qayıtmışam. Heyif ki, sizin toyunuzda iştirak edə bilmədim. Toyun belə tez olacağını bilmirdim.
 
XXX
 
14/ Maralın mənzili.
Zərif otaqda var-gəl edir. Əsəbidir. Ağoppa gəlir.
Zərif – Saata baxmısan?
Ağoppa – Saata baxmalıyam?
Zərif – Bu vaxt haradan qayıdırsan?
Ağoppa – Sənə neçə dəfə demişəm ki, mənə belə sual vermə. Mən kişiyəm, nə vaxt istəsəm qayıda bilərəm.
Zərif – Bəs sənə başqa sual vermək olar?
Ağoppa – Nə sual?
Zərif – Bu ev kimindir?
Ağoppa – Bu nə deməkdir? Əlbəttə mənim.
Zərif – Sənin?
Ağoppa – Yaxşı, bizim. Yəni, anamın, mənim...
Zərif – Sizin evdir bu? Bəs onda Xədicə kimdir?
 
XXX
 
15/ Zərif-Ağoppa.
Ağoppa – Bizim öz evimiz vardı. Bundan da yaxşı idi. Anam arada bankrot oldu. Evi satmalı olduq. Həyatdı da. Adamın başına çox iş gələ bilər.
Zərif – Bəs bu yalanlar nəyə lazımdır? Bu qədər uydurma olar?
Ağoppa – Niyə olmur? Mənim anamın yalanını görürsən, bəs öz yalanlarınızdan niyə danışmırsan?
Zərif – Başa düşmədim. Sən nədən danışırsan?
Ağoppa – Yadına salım? Nə tez yadından çıxdı? Anan nişanda nə söz vermişdi?
Zərif - Mənim anam? Söz vermişdi?
Ağoppa – Hə. Özü də hamının yanında. Niyə susursan? Demədi ki, nə kömək lazımdı bizə edəcəklər? Bu ev sizindir (ironiya ilə). Niyə belə deyirdi? Özünü camaata göstərirdi?
 
XXX
 
16/ Maralın mənzili. Zərif-Ağoppa.
Ağoppa – Bir də sənin üçün nə fərqi var? Bura bizim öz evimizdi, ya yox. Yaşayırıq da. Bizi burdan qovan yoxdu ki? Əgər ata-anan istəmir ki, qızları kirayədə yaşasın, bizə ev alsınlar. Niyə təəccüblənirsən? Burda nə var ki? Demirəm ki, gedək onlarla yaşayaq.
Zərif – Anam bilsəydi ki, sənin evin yoxdur, məni heç vaxt sənə ərə verməzdi.
Ağoppa – Deməli, bu evə görə mənə ərə gəlmisən?
(Zərif tutulur. Deməyə söz tapmır. Ağoppa bunu hiss edir). Deməli, sənə ev lazım idi. Fikirləşirdin ki, ərə gedərsən, sonra bir bəhanə ilə boşanarsan, ev də qalar sənə, hə? Belə fikirləşirdin?
Zərif – Sən nə danışırsan?
Ağoppa – Nə danışıram? Düz demirəm? Gecənin bu vaxtı məni tutmusan sorğu-suala. Bu ev kimindir? Niyə sənin evin yoxdur? Mən də sənə çox irad tuta bilərəm.
 
XXX
 
17/ Zərif-Ağoppa.
Ağoppa –Vasif müəllim söz vermişdi ki, mənə atalıq edəcək. Atalıq belə olur? Al, bu mənim qızım, bu da sən! Get, necə istəyirsən, yaşa! Bir fikirləşmir ki, bunlar cavandırlar, harda yaşasınlar? Bəlkə düz demirəm? Bir ev nədir ki, bizə almır?
Zərif – Bizə atam ev alsın? Mənim atamda o qədər pul hardandır?
Ağoppa – Niyə yoxdur? Amma sevgilisinə pul tapır.
Zərif – Nə? Nə sevgili, nə pul?
Ağoppa – Mənə inanmırsansa, get atanın şoferindən soruş. Gör gündə o dolu zənbilləri hara daşıyır?
 
XXX
 
18/ Çimnazın mənzili.
Çimnaz-Zərif. Zərif anasıgilə gəlib. Kefi yoxdur.
Çimnaz – Niyə kefin yoxdur?
Zərif – Nə bilim.
Çimnaz – Sən təzə gəlinsən. Gərək deyəsən, güləsən, fərəhlənəsən. Allaha şükür, hər şeyin var. Heç nəyə ehtiyacın yoxdur.
Zərif – İmtahanlara hazırlaşıram. Dərslərim çoxdur. Yorulmuşam.
Çimnaz – Çətindir, oxuma. Nəyinə lazımdır? Universiteti qurtarmısan, diplomun var. Magistratura nəyinə lazımdır?
Zərif – Yox, oxumaq mənə çətin gəlmir. Əksinə, universitetə gedəndə dərdimi unuduram.
Çimnaz – Dərdini? Sənin nə dərdin var?
Zərif – Mən onlara öyrəşə bilmirəm. Mən Ağa ilə dil tapa bilmirəm. Mən onu başa düşmürəm.
Çimnaz – Təzə xəbər! Ay qız, mən 25 ildir sənin atanı tanıyıram, 23 ildir bir yerdə, bir evdə yaşayırıq. Hələ onu başa düşə bilməmişəm. Sən bir-iki aya buna nail olmaq istəyirsən?
 
XXX
 
19/ Çimnazın mənzili. Çimnaz-Zərif.
Çimnaz – Bilirsən, kişilərin necə arvadlardan xoşu gəlir? Deyən, gülən, şən. Sən qaşqabağını belə sallasan, ərin evə gəlmək istəməyəcək. Evdə istilik yaradan qadındır. Kişi nə qədər pis olursa-olsun, qadın istəsə onu yola gətirə bilər.
Zərif – Sən yaxşı dedin – istəsə. Mən istəmirəm.
Çimnaz – Bəsdir! Qurtar! İstəyirəm-istəmirəm. Daha bu söhbət qurtardı. Ərə getmisən, çalış dil tap, dolan. Hamı sənin kimi düşünsəydi, indi dünyada ailə qalmazdı. Söz-söhbət, narazılıq bütün ailələrdə olur. Mən sənin atanla dolanmıram? Elə bilirsən mənə çətin olmayıb? Mən dözmürəm? Heç uzağa getmə, gör neçə gündür yoxdur. Guya komandirovkaya gedib. Heç zəng də vurmur. Mən zəng vururam, telefonu cavab vermir.
Zərif – Yəqin çox uzaqdadır, zəng çatmır.
Çimnaz – Hə, çox uzaqdadır, Marsa gedib.
Zərif – Onu öyrənməyə nə var? İşə zəng vur, soruş.
Çimnaz – Utanıram. Kişi də getdiyi yeri arvadından gizlədər? Hara gedir? Nə vaxt qayıdacaq? Bunu katibədən necə soruşum?
Zərif – Mən soruşaram (dəstəyi götürür).
 
XXX
 
20/ Çimnazın mənzili.
Çimnaz-Zərif-katibə. Zərif atasının idarəsinə zəng vurur. Katibə cavab verir.
Katibə - Bəli, salam. Hə, Zərif, necəsən? Sağ ol. Darıxırsan ata-anan üçün? Onların putyovkaları bir həftəlik idi. Vasif müəllim zəng vurub vaxtı bir həftə də uzatdı. Sənin xəbərin yoxdur?
Zərif – (özünü güclə ələ alır). Yox, mənə zəng vurmayıblar. Bəs indi hardadırlar?
Katibə - Yerlərini dəyişməyiblər. Qubada, elə həmin sanatoriyada qalırlar. Vasif müəllimin kefi çox yaxşı idi. Lap cavan oğlan kimi danışırdı.
Zərif – Qubada? Sanatoriyada?
Katibə - Narahat olma, lap yaxşıdırlar. Çimnaz xanımı da soruşdum. Vasif müəllim dedi, əla istirahət edirik.
(Zərif təəccüb içindədir. Dəstəyi yerinə qoyur).
Çimnaz – Nə olub? Katibə nə dedi? Nə Quba, nə sanatoriya? Vasifə nə olub? Xəstələnib, yıxılıb? Nə olub?
Zərif – Qorxma, yıxılmayıb, xəstə də deyil. Qubada, sanatoriyada xanımı ilə istirahət edir.
 
XXX
 
6-ci bölümün sonu
 
ARDI  VAR
 
 

ŞƏRH YAZIN