Zamanı tərsinə döndərmək olmur

0
7091
Zamanı tərsinə döndərmək olmur

İçəri girərkən, o, ağ örtüklü çarpayısında uzanmışdı. Açıq pəncərədən mavi səmanı seyr edirdi. Məni nəyin gözlədiyini bildiyim üçün əlimdəki çobanyastığı dəstəsini masanın üzərinə qoyub sakitcə yaxınlaşdım. Bədənimin keyiyib gizildədiyini hiss edirdim, amma buna məhəl qoymadım.

Çarpayısının yanında diz üstə çökdüm... Yenə ən lazımsız vaxtda  beynimdə bir melodiya səslənirdi. Bunun ikimizin melodiyası olduğunu dərhal anladım və üzümdə ağrılı bir təbəssüm yarandı... Əlini əllərimin arasına alıb üzümə sıxdım. Etiraz etmədi, amma qarşılıq da vermirdi. Doğma ətir... Danışmayacaqdı, bilirdim. Bir neçə dəfə dərindən nəfəs alıb özüm danışmağa başlamaq istədim, amma axmaqdan saxladığım göz yaşları hər kəlməmi boğazımda düyünləyirdi. Ürəyimdə söhbətə onun başlaması, ən azından güclü ol deyərcəsinə əlimi sıxması üçün yalvarırdım. Bu vaxt mümkünsüzlük kəlməsinin əsl mənası bir şillə kimi üzümə dəyib məni ayıltdı. Nəhayət, udqunub titrək bir səslə pıçıldadım:

"Sən... Sən tanıdığım hər kəsdən daha qəddarmışsan. "Nə olur olsun, mən həmişə yanındayam" deyib tərk etməyəcəyinə o qədər gözəl inandırmışdın ki... Çox tez döndün sözündən. Çox tez yoruldun... Hə, bilirəm, həyat davam edir. Amma sevincimi, kədərimi səninlə paylaşmayacağamsa, o xoş doğma ətrini bir də duymayacağamsa, böyrünə qısılıb susmaqla bütün suallarıma cavab tapmayacağamsa, varsın davam etməsin... Sənsiz davam etməsin..." Yalnız indi başımı qaldırıb gözlərinə baxa bildim. Donuq qəhvəyi gözlərində mavi səma o qədər gözəl əks olunmuşdu ki, birdən bu gözəl mənzərədən sevinib gülümsədiyini zənn etdim. Bəlkə də gülümsəmişdi, amma indi yox. İndi dərin bir yuxudaydı. Analara məxsus bir ehtiyatla ayıq yatmışdı sanki. Bəlkə də məni gözlədiyi üçün...

"Yenə əllərin soyuqdu, ana. Özünə diqqət etmirsən."- israrla onu danışdırmağa çalışırdım. Lənətə gəlmiş mümkünsüzlük artıq bağrımı parça-parça edirdi, amma inanmamaq üçün dirənir və susmurdum: "Həmişə göyə birlikdə baxardıq. Mən böyümüş bir uşaq, sən məndən daha uşaq, buludları pələngə, timsaha, ya da bir əlində tort tutmuş ayıya bənzədərdik. İndi sən o buludlara yerdən yox, lap yüksəkdən baxacaqsan, mən isə belimdəki günahların ağırlığı ilə heç vaxt qalxa bilməyəcəyəm yanına..." İlıq nəfəsini yenidən duymaq üçün nələr verməzdim ki. Qəribədir, bəs o sağ ikən nələr vermişdim nəfəsi üçün? Neçə dəfə öpüb qucaqlamışdım? Neçə dəfə gülüşünə səbəb ola bilmişdim? O var ikən düşünmüşdümmü bir gün onsuz qalacağımı? Başım çox dumanlıdır, xatırlamıram. İndi bunların heç fərqi də yoxdur axı. Zamanı tərsinə döndərmək olmur...

 

Müəllif : Zümrüd Əliyeva 

ŞƏRH YAZIN