Porsche Necə Bacardı? Bir Avtomobil Nəhənginin Nümunə Götürüləcək Hekayəsi

0
3026
Porsche Necə Bacardı? Bir Avtomobil Nəhənginin Nümunə Götürüləcək Hekayəsi

Zərifin həyat hekayəti davam edəcək. Lakin mən bu hissədə Nərgizdən bəhs edəcəyəm. Siz onu tanıyırsınız. Zərifin yaxın rəfiqəsidir.

II hissənin əsas personajları olan Teymur və İlqar da oxuculara tanışdır. Əlavə edim ki, onlar Nərgizin qardaşlarıdır. Teymur Nərgizin böyük qardaşıdır. Universiteti bitirib, əsgəri xidmətini çəkib, işləyir.
İlqar isə Nərgizlə yaşıddır. Yəni əkizdirlər. Onlar eyni universitetin müxtəlif fakültələrində təhsil alırlar.
Şölə, Jalə və Vasif də bu hissənin personajları arasındadırlar.
 
II hissə
 
9-cu bölüm
 
Bölüm iştirakçıları:
Nərgiz – 21 yaş. Universitetdə oxuyur.
Pərvin xanım – anası. Evdar qadındır. 50 yaş
Teymur – böyük qardaşı. 25 yaş
İlqar – Nərgizin əkiz qardaşı, hündür, arıq oğlandır.
Tural – 24 yaşında. Türkiyədə təhsil alıb.
Leyla – gənc xanımdır. Universitetdə dərs deyir.
Nərmin – Leylanın rəfiqəsidir.
Nənə - 75 yaş
Anar – Leylanın əri. 40 yaşlarında.
 
 
Nərgizin anası Pərvin xanım.
50 yaşında, ev xanımıdır, üç övladı var. Həyat yoldaşı Mərdan işi ilə əlaqədar tez-tez rayonlarda ezamiyyətdə olur.
 
XXX
 
1/ Pərvin xanımın mənzili.
Pərvin xanım mətbəxdə iş görür. Hiss olunur ki, yorğundur. Nərgiz gəlir. Kefi yaxşıdır.
Pərvin – Ay qız, gör saat neçədir? Bu vaxta kimi hardasan?
Nərgiz – Dərsdə, sonra qızlarla bir az şəhərdə gəzdik.
Pərvin – Yaxşı, əllərini yu, gəl çörəyini ye.
Nərgiz – İstəmirəm, kafedə yemişik.
Pərvin – Çay da içmirsən?
Nərgiz – Mən istədiyim şirniyyat olsa, içərəm.
(Ana-bala mətbəxdə çay içirlər).
Pərvin – Çayını içdin, get dərslərini hazırla. Keçən sessiyada dost-tanış qalmadı ki, xahişə göndərməyək.
Nərgiz – Yaxşı da, ay mama. Yorulmuşam axı. Bir az dincəlmək olmaz? Evə gələn kimi dərs oxuyarlar?
Pərvin – Ay qızım, cavanlıqda zəhmət çək ki, sonra səfasını görəsən də. İndi sənin oxuyub, öyrənən vaxtındı.
Nərgiz – Yaxşı, yaxşı. Mən getdim öyrənməyə...
(Mətbəxdən çıxır. Anası çay süfrəsini yığışdırır. Sonra maraq üçün qızının otağına tərəf gedir. Nərgiz uzanıb kiminləsə əl telefonu ilə danışır, gülür).
Pərvin – (öz-özünə) Bu qızı bir yaxşı oğlana ərə verə bilsəydim...
 
 XXX
 
2/ Pərvin xanımın mənzili. Telefon zəng çalır.
Pərvin – Alo, kimdir? Nəcibə? Hə, tanıdım, niyə tanımıram? Yaxşıyam. Hamımız yaxşıyıq. Sizdə nə var, nə yox? Kim gəlir? Tural Türkiyədən gəlir? Nə vaxt? Xoş gəlir, səfa gətirir. Əziyyət niyə olur? Qohum deyilik? Qoy gəlsin, elə bilsin ki, öz evidir. Day, Turalın da əziyyətini çəkməyəndə, kimin əziyyətini çəkəcəm (dəstəyi yerinə qoyur. Mənalı-mənalı gülümsəyir).
 
XXX
 
3/ Pərvin xanımın mənzili. Pərvin xanım narahatdır.
Tez-tez qapıya baxır. Bayır qapısı açılır. Ana cəld dəhlizə çıxır. Gələn Teymurdur. Pərvin xanımın böyük oğlu.
Pərvin – Hardasan indiyəcən?
Teymur – Nə olub ki? Mən sənə neçə dəfə demişəm ki, məndən nigaran qalma. İşdən sonra uşaqlarnan yığışıb otururuq, söhbət-filan, vaxt keçir.
Pərvin – Gec gələndə heç olmasa, zəng vur, mən də rahat olum.
Teymur – Yaxşı, bağışla məni, gələn dəfə nəzərə alaram.
Pərvin – Yeməyi qızdırım?
Teymur – Ac deyiləm, get yat.
 
XXX
 
4/ İlqar uzanıb, musiqiyə qulaq asır. Xəyalı uzaqlardadır.
İlqar Pərvin xanımın ikinci oğludur. Nərgizlə eyni gündə dünyaya gəlib. Çox hündür, həm də çox arıq oğlandır. Romantik təbiətlidir.
 
XXX
 
5/ Pərvin xanımın mənzili. Səhərdir.
İlqar eyvanda siqaret çəkir. Fikirlidir. Hiss olunur ki, xəyalı uzaqlardadır. Anası Pərvin xanım mətbəxdə çay hazırlayır. Masanın üstünə səhər yeməyi üçün lazım olan şeylər düzülüb. İlqar siqareti çəkib, dərindən nəfəs alır. Mətbəxə keçir. Masanın üstündəki yeməyə baxmadan tələsik addımlarla mətbəxdən çıxır.
Pərvin – İlqar, çay hazırdır.
İlqar – İştaham yoxdur.
Pərvin – (cəld özünü dəhlizə atır) Heç olmasa, bir stəkan çay iç, sonra dərsə get.
İlqar – Yox, tələsirəm. Mən getdim.
(Pərvin xanım mətbəxə qayıdır. Stullardan birini çəkib oturur. Oğlu üçün süzdüyü çayı fikirli halda öz qabağına çəkir).
 
XXX
 
6/ Pərvin xanımın mənzili.
Pərvin xanım mətbəxdədir. Fikirlidir, mətbəxə yaşlı qadın daxil olur.
Pərvin – Hə, ana, oyandın? Sabahın xeyir. Gəl, çay hazırdır.
Nənə - Sabahın xeyir. Uşaqlar getdi?
Pərvin – Hə, getdilər. Tural səhərin gözü açılmamış evdən çıxdı. İlqar sənin qabağınca getdi.
Nənə - Nərgiz dərsə getməyəcək?
Pərvin – Nərgiz hələ yatır. Birinci dərsi yoxdur.
Nənə - Bəs niyə kefin yoxdur? Mərdandan nigaransan? Zəng vurmayıb?
Pərvin – Mərdan yaxşıdır. Həftənin axırında gələcək. İlqardan nigaranam. Yenə də nə çay içdi, nə də çörək yedi.
Nənə - Onun iştəhasını vuran siqaretdi. O zəhrimarı nə vaxtdan çəkir?
(Pərvinlə nənə söhbət edə-edə çay içirlər).
Pərvin – 2-3 il olar. Təzə çəkməyə başlayanda çox çalışdım ki, tərgizdirəm, olmadı. İndi də ara-sıra söz salıram, deyir ki, tərgizəcək. Bu universitetə girəndən İlqar tamam dəyişib. Elə deyən-gülən uşaq idi ki. İndi olub qaradinməzin biri. Ha istəyirəm, ürəyinə girəm, dərdini öyrənəm, olmur.
Nənə - Eybi yoxdur. Çox da ürəyinə salma. Yəqin dərsləri ağırdır.
Pərvin – Bir azdan imtahanları başlayacaq. Onları da verib qurtarsaydı, həm o rahatlaşardı, həm də mən.
Nənə - (zarafatla) Bəyəm, sən də imtahan verirsən?
Pərvin – Kaş onun yerinə mən imtahan verəydim. Kaş İlqarı fikirli görməyəydim.
 
XXX
 
7/ Universitet. Auditoriya.
Dərsi Leyla xanım aparır. Dərsdə ingilis dilində danışılır. Kadr arxasında tərcümə olunur.
Leyla – Dərslərin qurtarmasına az qalıb. İmtahana kimi nə çətinliyiniz olsa, soruşun. Mən hər gün səhərlər universitetdə olacam. Bugünkü dərsimiz isə qurtardı. Gedə bilərsiniz.
Tələbələr iki-bir, üç-bir auditoriyadan çıxırlar. İlqar özünü məşğul kimi göstərir. Bəzi qızlar bir-birinə göz-qaşla İlqarı göstərib him-cim edirlər, mənalı-mənalı qımışıb otaqdan çıxırlar. Leyla xanım jurnalda qeydlər edir, kağız-qələmini yığışdırıb ayağa qalxır. İlqar cəld Leyla xanıma yaxınlaşır.
İlqar – Leyla xanım, mənim sizin köməyinizə ehtiyacım var.
(Dialoq ingilis dilindədir).
Leyla – Nədə çətinlik çəkirsən? Göstər görüm.
İlqar – Leyla xanım, bu tərcümələrim xoşuma gəlmir.
Leyla – Ver baxım. Çox yaxşıdır, afərin, çox yaxşıdır. Sən özünə qarşı çox tələbkarsan. Açığını deyim ki, heç mən də belə dəqiqliklə tərcümə edə bilməzdim. Sən fikirləri çox dəqiq vermisən.
(Qapı açılır. Orta yaşlarında hündür, səliqəli, ziyalı görkəmli bir kişi görünür. Bu, Leyla xanımın əridir. O, Leylaya baxıb qolundakı saata işarə edir. Leyla üzünün ifadəsilə bildirir ki, gəlir. Sonra İlqara müraciətlə:)
Leyla – Narahatlıq keçirməyə dəyməz. Sənin işlərin çox yaxşıdır. Əgər yenə də çətinliyin olsa, utanma, soruş. Bağışla, bu gün tələsirəm. Good bay.
(Və iti addımlarla qapıya tərəf gedir. Leyla ərinə yaxınlaşır. Onun qoluna girir. Dəhlizdə gedə-gedə söhbət edirlər).
Leylanın əri Anar – Mən gəlməsəydim, tələbələrin səni auditoriyadan çıxmağa qoymayacaqdılar.
Leyla – İmtahanlar yaxınlaşır, görünür, ona görə də bəzi tələbələrin nigarançılığı artıb. Hətta çox yaxşı işlərinə də şübhə edirlər.
Anar – Bu, tələbələrin çoxuna xas olan xüsusiyyətdir. Semestirin axırında əl-ayağa düşürlər.
Leyla – Yox, İlqar belə tələbələrdən deyil. Çox zəhmətkeş və istedadlı oğlandır. Onu artıq xarici şirkətə dəvət ediblər.
(İlqar da dəhlizə çıxır. Onların arxasınca qəmli-qəmli baxıb köks ötürür, əlini cibinə salıb siqaret çıxarır).
 
XXX
 
8/ Pərvin xanımın mənzili.
Pərvin xanım mətbəxdə tədarük görür. Nərgiz anasına yaxınlaşır. Diqqətlə baxır. Masada müxtəlif ərzaq məhsulları var.
Nərgiz – Qonaqlarımız var?
Pərvin – Olacaq.
Nərgiz – Kim gələcək?
Pərvin – Tural.
Nərgiz – Tural kimdir?
Pərvin – Atanın əmisi nəvəsi.
Nərgiz – (aramla) Papanın... əmisi...nəvəsi...? Ona görə bu boyda həngamə açmısan?
Pərvin – Türkiyədən gəlir. Orada oxuyub. İstanbul Universitetində.
Nərgiz – Yaxşı, bəs bizə niyə gəlir?
Pərvin – Onlar Şəkidə yaşayırlar. Anası Nəcibə dünən zəng vurmuşdu. Dedi, oğlu uzun yol gələcək. Bakıda bir-iki günlük işi var. Sənədlərini gərək sahmana salsın. Dedim, qoy gəlib bizdə qalsın. Nəcibə elə sevindi ki. Turalı bütün qohum-əqrəba tərifləyir. Deyirlər, çox ağıllı oğlandı. Həm də çox savadlıdı. İstanbulda saxlamaq istəyiblər, qalmayıb. Deyib ki, mən öz Vətənimə qayıtmaq istəyirəm. Aldığım biliyi Vətənimdə tətbiq edəcəyəm.
Nərgiz – Nə vaxt gəlir?
Pərvin – Sabah. Sən dərsdən vaxtında qayıt.
Nərgiz – Mən Turalı qarşılamağa gedəcəyəm?
Pərvin – Bir az ağlın olsun. Daha uşaq deyilsən. Bu gün, sabah universiteti qurtaracaqsan. Oğlan öz ayağıynan bizə gəlir. Bəlkə bu elə sənin qismətindir?
Nərgiz – Sən ciddi danışırsan?
Pərvin – Lap ciddi sözümdür. Yadlar gəlib qohum olurlar. Biz qohum ola-ola niyə yadlaşaq?
Nərgiz – Bəlkə Turalın istədiyi qız var? Bəlkə də artıq evlənib? Onda necə olsun?
Pərvin – Öyrənmişəm, xalis subaydır. Anası deyir ki, hələ evlənmək fikri yoxdur.
Nərgiz – Mənim də ərə getmək fikrim yoxdur.
 
XXX
 
9/ Universitetin həyəti.
Bir dəstə qız qapıdan çıxır. Nə barədəsə danışıb gülürlər.
Onlardan biri - Qızlar, fikir verdiniz, İlqara? Leyla xanıma elə həsrətnən baxır ki. Adamın ona lap yazığı gəlir.
Bir başqası – Mənim ona heç yazığım gəlmir. Dünyada qız qurtarıb?
Lap elə götürək məni. Mənim nəyim Leyla xanımdan əskikdi?
Özündən 10 yaş böyük qadına vurulub.
Sevgi yaşa baxmır.
Qızlar, deyəsən, Leyla xanım da işin içindədi. Fikir vermisiz, İlqar ona müraciət edəndə necə qızarır?
Hamı auditoriyadan çıxdı, İlqar isə qaldı. Deyəsən bu gün ürəyini ona açacaq axı. Yoxsa dərslər də qurtarır. Allah bilir, bir də nə vaxt görüşəcəklər.
Sən elə danışırsan ki, elə bil onlardan biri dünyanın bir başına gedəcək, o biri də o biri başına. Eyni şəhərdə görüşməyə nə var?
İndi bir-birilərini dərsdə görürlər. Dərslər qurtarandan sonra necə görüşəcəklər?
(Qızlardan birinin əl telefonu zəng çalır)
Bəs bu telefon nə üçündür? Bir-birilərinə mesaj göndərə bilərlər.
Hələ kompüter də var. Məktub da yaza bilərlər.
Axı Leyla xanım subay deyil, əri, uşağı var.
Sevgi belə şeylərə baxmır.
O, İlqardan azı 10 yaş böyükdü.
Yaşın nə fərqi var ki? (Şaqqanaq çəkib gülürlər).
 
XXX
 
10/ Pərvinin mənzili.
Tural divanda uzanıb. Bir az soyuqlayıb. Pərvin xanım ona qulluq edir.
Pərvin – Oğlum, bir bunu iç.
Tural – Bu nədi, Pərvin xala?
Pərvin – Biyan kökünü dəmləmişəm. Soyuqdəymənin dərmanıdı.
Tural – Vallah, zəhmət çəkirsiniz, Pərvin xala. Mən xəstə deyiləm. Yolda bir az soyuqlamışdım, o da keçib getdi.
Pərvin – Siz gənclər, hamınız beləsiniz. Adam gərək sağlamlığının qədrini cavanlığında bilsin. Hələ bunu iç görüm. İndi uzan, utanma. Mən də sənin anan. Bir de görüm, meylin nə çəkir? Sənə nə bişirim?
Tural – Özünüzə zəhmət verməyin. Heç nə lazım deyil. Mən elə bu gün evə yola düşmək istəyirəm. Zarafat deyil, iki ildir anamı, atamı görmürəm. Onlar da yəqin məndən ötrü darıxıblar.
Pərvin – Mən anana zəng vurub danışmışam. Demişəm, nigaran qalmasınlar, Tural 3-4 gün mənim qonağım olacaq. Bir də ki, ay oğlum, mən səni belə xəstə-xəstə heç qoyaram ki, yol gedəsən? Sonra bir şəhəri də gəz, dolan. Gör, İstanbul gözəldi, yoxsa Bakı?
Tural – Vətən hər yerdən gözəldi, Pərvin xala. Vətənin yerini heç nə verə bilməz. İstanbulda hər şey yaxşı idi, amma hər gecə yuxuda Şəkini görürdüm. Elə vaxtlar olurdu ki, deyirdim bu saat yığışıb qayıdacağam. Bir neçə dostum evlənib qaldılar orada. Mən həmişəlik xaricdə qala bilmərəm.
Pərvin – (ehtiyatla) İstədiyin bir qız vardı orda?
Tural – Yox, elə ciddi məsələ yoxdu. Mən ümumiyyətlə, şəhər qızlarına evlənmərəm.
Pərvin – Niyə ki? Şəhər qızlarına nolub ki?
Tural – Hamısı özlərindən razı, fikirləri ancaq geyinib-keçinməkdir. Yox, mənim ailə haqqında öz təsəvvürüm var. Belə qızlar ailə üçün yaramazlar. İndi heç evlənmək fikrim də yoxdur.
 
XXX
 
11/ Pərvin xanımın mənzili.
Tural - Kimdən xoşun gəldi, evlənmək olmaz. Gərək yüz ölçüb, bir biçəsən.
Pərvin – Afərin, oğlum. Bax, görürsən, ona görə də mənim səndən xoşum gəlir. Sonra da deyirsən ki, əziyyət çəkmə. Sənin kimi ağıllı oğlanın hər əziyyətini çəkməyə dəyər. (əlindəki pultu Turala verir). Əgər darıxsan, aç televizora bax. Bütün dünyanı tutur. Mən gedirəm Nərgizin dalınca. İnstitutdan çıxan vaxtlarıdır.
Tural – Nərgizin dalınca gedirsiniz? Hələ ki, günün günorta çağıdır. Nərgiz niyə özü gəlmir ki?
Pərvin – Gələ bilər, əlbəttə, tək də gələ bilər. Ancaq mən narahat oluram. Cavan, göyçək qızdır. Səhərlər dərsə ya atası ilə gedir, ya da qardaşlarıyla, mən də gedib qarşılayıram. Yaxşı, mən getdim. Sən istirahət elə. Istəsən kompüterə baxa bilərsən. Planşet də var. Bunlarda nə istəsən taparsan. Paltarların da hamısı yuyulub, təmizdir.
Tural – Pərvin xala, niyə belə zəhmət çəkirdiniz? Çox sağ olun. Mən İstanbulda paltarlarımı verib yuduzdururdum, heç belə səliqəli olmurdu. Hətta corabları da ütüləmisiniz.
Pərvin – Ayaqqabılarını da təmizləmişəm. Təşəkkür etmək lazım deyil. Sən də mənim oğlum.
 
XXX
 
12/ Universitetin qarşısı.
Nərgiz – Eh mama, harda qalmısan? Yarım saatdı səni burda gözləyirəm. Həmişə məni sən qarşılamısan? Özüm gəlirdim də evə.
Pərvin – Bəsdi deyindin. Əgər mən səni qarşılayıb evə aparıramsa, deməli belə lazımdır.
Nərgiz – Axı niyə?
Pərvin – Çünki evdə qonağımız var. O, gərək görsün ki, sənin üstündə nəzarət var, sən ciddi qızsan, ağıllısan, işgüzarsan...
Nərgiz – Hə... Turalın xoşuna gəlmək üçün bu tamaşanı qurmusan.
Pərvin – Adını nə istəyirsən, qoy, amma mən səni ona ərə verəcəyəm.
Nərgiz – Zorla?
Pərvin – Yox, xoşluqla.
Nərgiz – Bəs görmədin, o heç mənə fikir də vermədi?
Pərvin – Gərək elə edək ki, fikir versin. Sən mən deyənlərə əməl elə, görəcəksən ki, işlər düzəldi.
Nərgiz – Yaxşı, de görüm mən daha nə etməliyəm?
Pərvin – Evə girən kimi yeməyin üstünə cumma.
Nərgiz – Acından ölürəm axı. Bir saat açıq havada dayan, onda görüm nə deyəcəksən?
Pərvin – Söz güləşdirmə. Mən səni süfrəyə dəvət edəndən sonra gələrsən. Evə girən kimi Turalla salamlaş, əhvalını soruş, xəbər al ki, nə istəyir, nə lazımdır, sonra keç mətbəxə, xörək hazırla.
Nərgiz – Sən nə danışırsan, mama? Mən birdən-ikiyə xörək hazırlamışam?
Pərvin – Xörək hazırdı, ay qız. Bir hövsələn olsun, gör nə deyirəm. Heç nə hazırlamaq lazım deyil. Özüm hər şeyi hazırlamışam. Amma özünü elə göstər ki, guya bunları sən bişirmisən. Sonra telefon danışıqlarını yığışdır. Kim zəng vursa, hə, ya yox, konkret danış. Oturub-duruşuna fikir ver. Özünü kreslonun üstünə atma. Yavaş-yavaş otur, xanım qızlara məxsus ədayla.
 
XXX
 
13/ Leyla rəfiqəsi Nərminlə söhbət edir.
Leyla – Bircə bu imtahanlar qurtarsaydı. İnan ki, tələbələrdən çox mən tələsirəm.
Nərmin – Elə bilirsən, imtahanlar qurtardı, hər şey qurtaracaq?
Leyla – Nə demək istəyirsən?
Nərmin – Yəni, sevgi-məhəbbət də qurtaracaq?
Leyla – O daha məni görməyəcək. Ayrılıq isə bütün yaraları sağaldır. Bircə bu günlər tez gəlib keçsəydi...
Nərmin – Daha nə qalıb ki, uzağı bir aydan sonra...
Leyla – (sözünü kəsir) Bir ay? Sən nə danışırsan? Gələn həftə imtahanlar başlayır, sonra da diplom müdafiəsi. Vəssalam.
Nərmin – Yaxşı, qoy olsun 21 gün (gülür). Bir ay sənə çox gəlir? Bəs bu neçə ili necə dözmüsən?
Leyla – Əvvəlcə bunu ciddi qəbul etmirdim. Fikirləşirdim ki, uşaqlıq hissləridi, keçib gedəcək. Açığını desəm, bu, məni bir qədər əyləndirirdi də (mənalı-mənalı gülümsünür). İlqar məni gənclik illərimə qaytarır. Mən özümü gənc qız kimi hiss edirəm. Bəzən elə bilirəm ki, universitetə işləməyə yox, oxumağa gəlirəm. Hiss edirəm ki, gəzişim, davranışım da dəyişib. Əlbəttə, mən özümü elə aparıram ki, guya heç nədən xəbərim yoxdu. Amma o, getdikcə özünə nəzarəti itirir. Bu məni qorxudur. Görürəm ki, tələbələr də onun mənə münasibətini hiss ediblər. Kimsə bir-birilə pıçıldaşanda elə bilirəm ki, məndən danışırlar. O, mənə sual verəndə qızarıram. Belə şeylər məni əsəbiləşdirir. Mən uşaq deyiləm, gənc qız deyiləm. Mən nə üçün utanmalıyam?
Nərmin – Eh, Leylacan, doğrusu mən inanmıram ki, o, səndən əl çəkəcək.
Leyla – Mən inanıram. Onun boy-buxununa baxma. O, hələ uşaqdı. Bir də görünür, çox sentemental adamdı. Başqa mühit onu dəyişəcək. Başı işə qarışacaq. Xarici şirkət, gənc qızların əhatəsi...
Nərmin – Yoxsa ki, universitetdə gənc qızlar yoxdur.
(Leyla duruxur, Nərmin davam edir).
Nərmin – Mənə elə gəlir ki, sən onun sevgisi qarşısında tab gətirə bilməyəcəksən və....
Leyla – Və... nə?
Nərmin – Və... sən də onu sevəcəksən.
(Leyla bərkdən gülür. Gülüşünü birdən-birə kəsərək əsəbiliklə:)
Leyla – Mən uşağın birinə vurulum?! Bu, mümkün deyil! Bir də, mənim ərim var, uşağım var.
 
XXX
 
14/ Pərvin xanımın mənzili. Pərvin xanımla Tural televizora baxırlar.
Pərvin (uca səslə) – Nərgiz, bəsdi iş gördün. Televizorda yaxşı konsert verilir, gəl bax.
Nərgiz (o biri otaqdan) – Vaxtım yoxdu, qabları yuyuram.
Pərvin – Bu qızın dincəlməynən arası yoxdu da. Dərsdən gələndən mətbəxdədi. Gedim görüm orda nə edir.
Mətbəx. Nərgiz oturub əllərini çənəsinin altına qoyub nə barədəsə fikirləşir. Anasını görcək:
Nərgiz – Mama, gəl çıx da. Mən burada nə qədər oturum?
Pərvin – Ay qız, bəs çay hanı? Hələ dəmləməmisən?
Nərgiz – Dəm var da.
Pərvin – Təzə dəm çayı olmalıdı. Çaydanı qızdır. Tort burdadır. Onu da gətirərsən.
Nərgiz – Ooo, nə gözəl tortdu. Görsəydim, boş oturmaqdansa, bayaqdan bunu yeyərdim. Tortu haçan bişirmisən?
Pərvin – Mən bişirməmişəm. Qonşuluqdaki şirniyyatçıya dünəndən sifariş etmişdim. Tez elə, bunları qoy padnosa, bir yaxşı çay gətir.
 
Qonaq otağı.
Pərvin – Mən elə bilirdim ki, Nərgiz mətbəxdə qab yuyur. Sən demə qabları yuyub qurtarıb, hələ üstəlik tort da bişirib. Qız deyil, qızıl parçasıdı. Gündə yüz dəfə Allaha dua eləyirəm ki, mənim belə qızım var. Şükürlər olsun ki, oğullarım da yaxşıdırlar. Amma qızın yeri başqadır. Doğrudur, qızı saxlamaq çətindir. Gərək gözün həmişə üştündə olsun. Anaların çoxu belə şeylərə məhəl qoymurlar. Bilmirlər qızları hardadır, hara gedir, hardan gəlir. Mən həmişə Nərgizə deyirəm ki, nə qədər ki, mənim evimdəsən, sənə mən cavabdehəm. Gərək sənin hər addımından xəbərdar olam.
Tural – Doğru deyirsiniz, Pərvin xala. Gərək qızın üstündə nəzarət ola. Yoxsa qızların çoxu elə bil özbaşlarına qalıblar. Hara istəyirlər gedirlər, necə istəyirlər geyinirlər.
(Pərvin xanım diksinir. Tez mətbəxə keçir).
Pərvin – Ay qız, get yubkanı dəyiş, tez elə!
Nərgiz – Yubkama nə olub?
Pərvin – Söz güləşdirmə, tələs, get uzun yubka gey. Çayı mən süzərəm.
(Nərgiz uzun ətəkdə içəri girir).
Nərgiz – Bunu deyirdin, ona da əməl etdik (narazı sifətlə iki stəkanı əlinə götürüb mətbəxdən çıxmaq istəyəndə anası onu saxlayır).
Pərvin – Belə yox. Stəkanları podnosa qoy, üz-gözünü turşutma, gülümsə. Bax belə, əvvəlcə çayı mənim qabağıma qoyarsan.
Nərgiz – Niyə? Bəs qonaq nə fikirləşər?
Pərvin – Qonaq da fikirləşər ki, anasına hörmət edən qız ərinə də hörmət edəcək.
 
XXX
 
15/ İlqar öz otağındadır.
Əlindəki şəklə baxır. Qəmlidir. Lirik mahnı səsi gəlir.
 
XXX
 
16/ Pərvinin mənzili.
Tural – Pərvin xala, siz məni lap utandırırsınız. Paltarlarımı yumusunuz.
Pərvin – Bu nə sözdür, oğlum, utanmaq lazım deyil. Sən də mənim oğlum. Səni heç Teymurdan, İlqardan ayırmıram.
Tural – Köynəyi cəmi bir dəfə geymişdim, yaylığa heç əlimi də vurmamışdım, onu da yumusunuz.
Pərvin – Anam rəhmətlik həmişə deyərdi ki, kişinin köynəyi, yaylığı, bir də corabı hər gün yuyulmalıdır. O söz mənim qulağımda sırğa olub qalıb. İndi də mən bu məsləhətləri qızıma verirəm.
Tural – Heç bilmirəm, sizin xəcalətinizdən necə çıxacam.
Pərvin – Bu nə sözdür, ay oğlum? De görüm ürəyin nə istəyir? Nərgiz gələnə kimi xörəyi bişirmək istəyirəm. Yoxsa gələn kimi keçəcək mətbəxə. Bu gün-sabah imtahanları başlayacaq. İstəyirəm ki, evdə bir az dincəlsin. Ona deyirəm ki, ay qız, bir az dincəl, rəfiqələrinə bax, heç evdə-eşikdə tapılmırlar. Sən də bir kinoya, konsertə get, eynin açılsın, ev işi qaçmır ki. Özüm deyib, özüm eşidirəm.
Tural – Pərvin xala, mən bu gün Şəkiyə yola düşəcəyəm.
Pərvin – Yəqin fikrin Şəkidə qalıb işləməkdi. Allah bilir, bir də Bakıya nə vaxt gələcəksən.
Tural – Yox, burada mənə yaxşı iş təklif olunub. Ata-anamın yanında bir neçə ay qalıb qayıdacağam. Burada kiçik də olsa mənzil alacağam. Evdən kömək edəcəklər.
Pərvin – Deyirəm də, sən ağıllı oğlansan (bir az fikirləşəndən sonra). Bəlkə bu gün Nərgizi sən qarşılayasan, əziyyət olmaz ki? Birdən başım xörək bişirməyə qarışar, qızın dalınca gedə bilmərəm.
 
XXX
 
17/ Universitetin həyəti.
Nərgiz – Qızlar, siz gedin, mən anamı gözləyirəm.
Qızlardan biri – Yenə də anan sənin dalınca gələcək? Bir təzə xəbər-zad var, de, biz də bilək.
Bir başqası – Bəlkə səni qaçırmaq istəyən var, hə? Ona görə evə tək getməyə qorxursan? (gülüş)
Kaş məni də qaçırmaq istəyən tapılaydı.
O bəxt səndə hardadı? (Yenə də gülüşürlər)
Nərgiz – Sizə elə bir him lazımdı ki, yüz yerə yozasınız. Məni qaçırmaq istəyən olanda sizi xəbərdar eliyəcəm. Anamla gedəsi yerimiz var.
Sən dedin, biz də inandıq.
Axır günlər yaman dəyişmisən. Daha kosmetikadan da istifadə etmirsən.
Yubkanın da balağı uzanıb.
Daha bizimlə nə kafeyə gedirsən, nə də kinoya.
Nərgiz - Anam icazə vermir.
Anan? Yoxsa...
Nərgiz – Yoxsa, nə yoxsa?
Yoxsa... Üzünü arxaya çevir. Deyəsən o cavan oğlan səni gözləyir.
(Nərgiz çevrilib Turalı görür. Qızlarla tələsik sağollaşıb ona yaxınlaşır).
 
XXX
 
18/ Universitetin həyəti.
Tural – Pərvin xalanın işi vardı. Ona görə də sənin dalınca mən gəldim. Etirazın yoxdur ki?
Nərgiz – Mama nahaq yerə sənə əziyyət verib. Özüm gələrdim də. Rəfiqələrim də mənə gülürlər. Elə bil körpə uşağam. Səhərlər məni dərsə gətirirlər, günorta anam qarşılayıb evə aparır. Bu nə vaxta kimi davam edəcək?
Tural – Məlumdur ki, ərə gedənə kimi.
Nərgiz – Mənim hələ ərə getmək fikrim yoxdur.
Tural – İndi yoxdur, çünki görünür hələ ürəyin istədiyi adam yoxdur.
Nərgiz – Gəl mövzunu dəyişək.
Tural – Qəbul edilsin (gülüşürlər). İstəyirsən, bir az şəhərdə gəzək. Hava da yaxşıdır. Mən çoxdandı İçəri şəhərdə olmamışam.
Nərgiz – Mən də. Amma icazəsiz gedə bilmərəm. Qoy anama zəng vurum (əl telefonunu çıxarır).
(Anası ilə danışır).
Pərvin – Çox gülmə, bərkdən danışma, eşidirsən məni? Tez qayıdın, de ki, dərslərin çoxdur, hazırlaşmalısan.
 
XXX
 
19/ Pərvinin mənzili.
İlqar televizora baxır. Anası ilə nənəsi asta-asta söhbət edirlər. Qapı döyülür. İlqar qapını açır. İçəri gənc qız daxil olur. Qonşudur.
Qonşu qız – Salam. Biz də burada yaşayırıq. 6-cı mərtəbədə. Təzə köçmüşük. Telefonumuz hələ yoxdur. Olar, sizdən zəng vurum?
İlqar – Əlbəttə olar. Keçin içəri.
(Pərvin xanım səsi eşidib dəhlizə çıxır. Qızı gülər üzlə qarşılayır. Hal-əhval tutur. İlqar onları bir yerdə qoyub otağa keçir. Pərvin qonşunu yola salıb qayıdır).
Pərvin – Təzə qonşudur. Çox yaxşı adamlara oxşayırlar. Bir-iki dəfə anasını görmüşəm. Həkimdir. Qızı da həkim olmağa hazırlaşır. Tibb Universitetində oxuyur. İki bacıdırlar, bir qardaş. Böyük bacıları ərə gedib.
Nənə - İlqar, ölməyib bir sənin də toyunu görsəydim.
İlqar – İnşallah, görərsən.
Nənə - Hə... ay Allah sevindirsin səni. Nə vaxtdı bu xeyir iş? Bax ha, mənim vaxtım çox deyil. Səni də evləndirsəm, bu dünyadan rahat köçərdim.
İlqar – Hara tələsirsən, ay nənə? Hələ qabaqda Tural var, Nərgiz var. Bir də sənə nə olub? Maşallah, yaxşısan.
Nənə - Eh, ay bala, xarici görkəmimə baxıb qiymət vermə, qocalıram. Gah oram ağrayır, gah buram. Evdə bir həkim gəlin lazımdır.
İlqar – Həkim gəlini neynirsən, ay nənə? Sənə ingilis dilini öyrənmək lazımdır.
Nənə - Mənim öyrənən vaxtım keçib, a bala. Bir də ingilis dili mənim nəyimə gərəkdi? Öyrənib ingilistana gedəcəyəm? (Gülür)
İlqar – Bəlkə gəlinin ingilis oldu? Onunla necə danışacaqsan? (televizora işarə edir) Gör, nə yaxşı oxuyur? Xoşuna gəlir, nənə? (Zənci qadın oxuyur. Nənə ona baxıb diksinir)
Nənə - Boy, bismillah, bu nədir? Bu arvaddı, yoxsa kişi? Gözüm yaxşı seçmir.
İlqar – Arvaddı. Gör nə gözəl oxuyur. (televizorun səsini artırır).
Nənə - Bəyəm, o, mahnı oxuyur?
İlqar – Bax, ona görə də sənə deyirəm, ingilis dilini öyrən. İşdi də, birdən tanış-zad olsanız, danışa biləsiniz.
Nənə - (ciddiləşir) İlqar, birdən bunlardan olar ha?
İlqar – Kim?
Nənə - Gəlini deyirəm, iraq olsun. Bunlardan birini gətirib evə salarsan, mən heç, anan yazıqdı. Bunu adam evdə qəfildən görsə, qorxu azarına tutular.
İlqar – Eh, ay nənə. Mən bəyəm dedim ki, buna evlənmək istəyirəm? Bir də heç o, Amerikadan köçüb burada yaşayar?
Nənə - Yaşamaz?
İlqar – Əlbəttə, yox!
Nənə - Nə yaxşı, ay bala. Dedim. İndi də bunlar tökülüşüb gələrlər buralara. Mən bilirəm, sən ağıllı oğlansan. Tanıdığımız, bildiyimiz gözəl-göyçək qızlardan birini seç, evlən.
İlqar – Bəyəm mən seçdim, qurtardı? Bəlkə qız məni bəyənmədi?
Nənə - Təki sən bəyənəsən. Sonrasından narahat olma... işi həvalə elə mənə. Bir də, minnəti olsun qızların. Səni bəyənməyib, kimi bəyənəcəklər?
 
XXX
 
20/ Pərvinin mənzili.
İlqar nənəsi ilə söhbət edir.
İlqar – Evlənmək bəyəm asandır, ay nənə. Nə biləsən, necə adamdır? Xasiyyətimiz tutacaq, ya yox?
Nənə - Bunları fikirləşsən, subay qalarsan. İraq səndən. Ailədə əsas kişidir. Sən işini düz tutsan, hər şey qaydasında olacaq. Gərək siyasətin olsun. Hamının yerini biləsən.
İlqar – Ohoo, siyasət? Ailədə də siyasət?
Nənə - Elə siyasət ailədə lazımdır da. Kişi gərək ailəsini idarə edə bilsin. Kim bunu bacarırsa, rahat yaşayır.
İlqar – Deyingənin birinə rast gəlsəm, nə olsun? Beləsiynən yaşamaq olar? Beləsinə heç bir siyasət təsir etməz.
Nənə - Əgər arvad deyingəndirsə, bunda da təqsirkar kişidir. Yaxşı kişinin arvadı pis olmaz. Sən ağıllı balasan. Oxumusan. Bu gün-sabah işləyəcəksən. Birini seç, səni evləndirək. Evlənsən, bəlkə o zəhrimarı da tərgizərsən. (siqaretə işarə edir).
İlqar – Buna görə məni evləndirmək istəyirsən?
Nənə - Evlənsən, başın qarışacaq ailənə. Qaş-qabağın açılacaq. Kefin yaxşılaşacaq. Daha bizə nə lazımdır?
(İlqar siqareti götürüb eyvana çıxır).
 
XXX
 
21/ Şəhər kafelərindən biri.
Tural bir neçə dostu ilə buradadır. Nə isə yeyirlər.
Onlardan biri – Mən sizə təcrübəli bir adam kimi deyirəm, evlənməyin! İl yarım bundan qabaq mən cavan oğlan idim. Indi görün, nə günə düşmüşəm! (qarnına işarə ilə) Evlənəndən bəri bir dəfə də olsun stadiona getməmişəm!
Bir başqası – Günah özündədir, istəsəydin gedərdin.
Kənardan baxanda asan görünür. Sənlə evlənəndən sonra danışarıq.
Sonra niyə? Hə, tutaq ki, evlənmişəm. Nə dəyişəcək? Səhər durub gedəcəm işimə. Əlbəttə, həyat yoldaşım mənim çay-çörəyimi hazırlayacaq, məni gülərüzlə yola salacaq.
Ay, hay...
İşdən qayıdanda yeməyim hazır, pal-paltarım təmiz, ev səliqəli. Bundan yaxşı nə ola bilər? Oturub birlikdə şam edəcəyik. Dadlı xörək bişirdiyinə görə, ona təşəkkür etmək lazımdır. Bax, bunu unutmaq olmaz. Sonra oturub televizora baxırıq, həvəsimiz olsa, gəzməyə gedirik. Bunun nəyi pisdir?
Avazın yaxşı gəlir.
Bəs necə? Gərək işini əvvəldən düz tutasan. Qadının əməyinə qiymət verməyi bacarmaq lazımdır.
Təşəkkür edirəm, qiymətləndirirəm. Quru sözlərlə? (gülüşürlər) Gecə səhərədək uşağa qulluq elə, səhər get işinə, qayıdanda bazarlıq elə, evdə yenə də uşağı saxla. Ondan sonra arvada təşəkkür et, görüm necə edirsən? Məşq nədir, adam lap adını da yadından çıxarır.
Üçüncü gənc söhbətə qarışır:
Məncə kişi lap əvvəldən işini düz tutmalıdır. Uşağı saxlamaq arvadın işidir, düz demirəm? Kişi gərək qazansın, evə pul gətirsin. Əgər mən evlənsəm, heç bazara da getməyəcəm. Adam dünyanı necə tutsa, elə də gedəcək. Mən asudə yaşamağa adət etmişəm, elə belə də yaşayacağam. Gəlin, bu badələri qaldıraq, subayların sağlığına (içirlər).
-Tural heç dinib-danışmır. De görək sən bu məsələyə necə baxırsan?
Tural – Gec, ya tez, evlənməliyik. Dünya belə qurulub.
Əhsən! Kişi az danışır, düz danışır!
Tural – Amma...
Deyəsən, bunun da əmması var (gülüşürlər).
Tural – Adam evlənməmişdən əvvəl gərək yüz ölçüb bir biçsin.
Bax, burda səhvin var. Nə qədər istəyirsən ölç-biç, xeyri yoxdur. Səsi sonradan çıxacaq. Adamları tanımaq olmur.
Əşşi, imkan ver, kişi sözünü axıracan desin də. Elə yəqin ailədə də belə hövsələsizlik edirsən ki, işin düz gətirmir də.
Tural – Evlənmək istədiyin qızın gərək ailəsinə baxasan. Nahaq deməyiblər ki, anasına bax, qızını al...
Düz deyir, vallah, gəlin bu badələri qaldıraq Turalın sağlığına.
Toyunda bizi yaddan çıxartma ha.
 
XXX
 
22/ Pərvinin mənzili.
Nərgiz rəfiqəsi Zərifin nişan mərasimindən qayıdıb. Anası ilə söhbət edir.
Pərvin – Nə gec gəldin?
Nərgiz – Qonaqlar gedən kimi mən də gəldim. Qonaqlıqdan yarımçıq çıxa bilməzdim ki.
Pərvin – Nə qonaqlıq? Həriyə gələnlərə də qonaqlıq verərlər?
Nərgiz – Həm hərisi verildi, həm də nişan oldu. Zərifə elə gözəl şeylər gətiriblər ki...
Pərvin – Oğlan kimdi? Yəni nəçidi, nə işlə məşğul olur?
Nərgiz – Dəqiq bilmirəm. Haradasa işləyir, əsas anasıdı.
Pərvin – Kimdi ki, anası?
Nərgiz – Xaricdən mal gətirib satır. Çox bacarıqlı arvaddı.
Pərvin – Daha de ki, alverçidi də. Adam da alverçiyə qız verər? Pul bu gün var, sabah olmaya da bilər. Heyf deyil oxumuş, bilikli adam? Gələcəyindən arxayın olmaq istəyirsənsə, savadlı oğlanı seç. Çünki o, öz başı ilə həmişə pul qazanacaq. Onun biliyini əlindən ala bilməyəcəklər ki?..
Nərgiz – Bilirəm, nəyə işarə edirsən.
Pərvin – Hə, Turalı nəzərdə tuturam. Ağlı olan qız heç o cür oğlanı əldən buraxar?
Nərgiz – Nə edim? Zorla deyim ki, mənə elçi göndər? Onun planına hələ toy daxil edilməyib. O gələcək karyerası barədə fikirləşir.
Pərvin – Planında yoxdu, salar! Sən mən deyənləri dəqiq yerinə yetirsən, işlər düzələcək.
 
XXX
 
9-cu bölümün sonu
 
(Ardı var)
 

ŞƏRH YAZIN