İstəkli Kürəkən - Əsmər Yusifzadə (İkinci Hissə - On Altıncı Bölüm )

0
1813
İstəkli Kürəkən - Əsmər Yusifzadə (İkinci Hissə - On Altıncı Bölüm )

Bölüm iştirakçıları:
Nərgiz – gənc xanımdır.
Pərvin – anası
Tural – Nərgizin əri
Teymur – Nərgizin böyük qardaşı
İlqar – Nərgizin əkiz qardaşı
Aynur – qonşu qız
Leyla – gənc xanımdır
Anar – Leylanın əri
 
XXX
 
1/ Pərvin xanımın mənzili.
Teymur – O, pullara görə məndən də çox fikir çəkir. Nə yeyir, nə içir. Bir dəri qalıb, bir də sümük.
Pərvin – O, sənə kəf gəlir. Yəni bunu görmürsən?
Teymur – Yenə də başlandı. Axı o, öz pulunu niyə oğurlamalıdır?
Pərvin – Bir məni başa sal görüm, Jalə xanım bir manat pul qazanıb? Səsin çıxmır. Qazanmayıb. Bəs o pullar niyə onun olur?
Teymur – Çünki o istəməsəydi, biz o qədər pul yığa bilməzdik. Gedib alardı özünə pal-paltar. Nə istəsə... Almırdı. Ona verdiyim pulları da xərcləmirdi. Niyə xərcləmirdi?
Pərvin – Mən bilmirəm niyə? Get özündən soruş. Öyrən gör, pulları hara edib. Öyrən gör, bacısıyla daha nə fikirləşiblər. Öyrən gör, pul yığmaqda məqsədi nə idi?
Teymur – Bəsdir! Axı Jalə sənə nə edib? Niyə ona nifrət edirsən? O mənim xoşuma gəlir! Gərək sənin üçün bu əsas olsun.
Pərvin – Xoşun gəlir? Ondan ayrılmaq fikrin yoxdur? Çıx get! O sən, o da Jalə. Yaşayın! (Teymur qapıya tərəf gedir). Bir gün başın daşa dəyəcək. Onda gec olacaq.
 
XXX
 
2/ Leylanın mənzili.
Səhər açılıb. Leyla mətbəxdədir. Lakin dünənki əhval-ruhiyyədən əsər-əlamət yoxdur. Nə zümzümə edir, nə də rəqs. Başında iki fikir dolaşır: necə etsin? İlqarla görüşə getsin, ya yox. Axı o, İlqara söz verib. İlqar onu gözləyəcək. Yataq otağındakı paltar rəfini açır. Bir qədər paltarlara baxır. Lakin heç birini götürmür. Gündəlik paltarlarından birini geyir, gündəlik çantasını götürüb evdən çıxır. Liftə minib, aşağı düşür. Qapının ağzında dayanır. İki hiss arasında qalıb: getsin, ya evinə qayıtsın.
 
XXX
 
3/ Pərvinin mənzili.
Pərvin otaqda var-gəl edir. Narahatdır. Telefonun dəstəyini götürür. Zəng edir. Jalənin səsini eşidib dəstəyi asır. Bu vaxt Nərgiz gəlir.
Nərgiz – Nə olub? (telefona işarə edir) Kimlə danışırdın?
Pərvin – Heç kimlə. Teymurdan nigaranam. Elə bilir ki, mən onun pisliyini istəyirəm. O bilmir mən nələr çəkirəm.
Nərgiz – Teymur da çox fikir çəkir. Elə arıqlayıb ki.
Pərvin – Nə olub Teymura? Harda gördün Teymuru?
Nərgiz – Onlardan gəlirəm.
Pərvin – Qız evdəydi?
Nərgiz – Hə... Onlar bir-birilərini çox istəyirlər. Hər halda belə görünür. Sən oğlunu qaytarmaq istəyirsənsə, gərək güzəştə gedəsən. Teymur Jalədən ayrılmayacaq. Nə desən xeyri yoxdur. Uşaqları da olsa, heç...
Pərvin – (sözünü kəsir) Uşağı var? Jalə hamilədir?
Nərgiz – Yox, bilmirəm, hələ ki yoxdur. Olacaq da. Onda oğlunu tamam itirəcəksən.
 
XXX
 
4/ Leylanın mənzili.
Leyla-Anar-uşaq.
Anar qapını açır. Leylanı görür. Leyla həyəcanlıdır.
Anar – Yenə liftsiz qalxmısan? Niyə qayıtdın? Yadından nə isə çıxıb?
Leyla – Yox, mən sizinlə qalmaq istəyirəm.
Uşaq – (sevinir) Ana gəldi, ana gəldi (onların ətrafında fırlanır).
Anar – Bəs tələbələr? Onlar səni gözləyəcəklər.
Leyla – Gözləməyəcəklər. Zəng edib demişəm. Mən sizinlə gəzməyə getmək istəyirəm.
Uşaq – Gəzməyə gedirik, gəzməyə gedirik... (sevinclə qaçır).
 
XXX
 
5/ Pərvinin mənzili. 
Nərgiz-Pərvin. Söhbət edirlər.
Pərvin – Heç Zərifdən danışmırsan? Bir-birinizlə daha əlaqə saxlamırsız?
Nərgiz – Yox, heç telefonla da danışmırıq. Ona nə var? Şəhərin yaxşı yerində evi, evdə qulluqçusu. Yəqin Zərifə də maşın alıblar. O da təzə maşınında, təzə rəfiqələri ilə kef edir.
 
XXX
 
6/ Universitet. Dekanlıq.
İlqar-Yalçın müəllim.
Yalçın müəllim – (Əlindəki ərizəyə baxır). Deməli gedirsən. Heyf. Mən elə bilirdim ki, sən alim olacaqsan. Xarici şirkətlər indi gənclər üçün cəlbedicidir. Əlbəttə, əməkhaqqı onlarda yüksəkdir. Mənzil almalısan, ailə qurmalısan. Mən etiraz etmirəm. Get, işlə. Elmlə məşğul olmaq istəsən, mən həmişə sənə kömək etməyə hazıram (Ərizəyə qol çəkib, İlqara verir).
İlqar – Sağ olun. Bağışlayın, mən sizin ümidlərinizi doğrultmadım.
Yalçın müəllim – Bu barədə fikirləşmə. Necə lazım bilirsən, elə də et. Uğur olsun.
 
XXX
 
7/ Pərvinin mənzili. 
Qapının zəngi çalınır. Gələn Turaldır.
Pərvin – Nə yaxşı qonaq gəlib? Gəl oğlum, keç əyləş. Xoş gəlmisən.
Tural – Oturmaq istəmirəm. Nərgizin dalınca gəlmişəm, hava yaxşıdır. İstəyirəm gedib gəzək.
Pərvin - Nərgiz burda deyil.
Tural – Mən ona zəng vurmuşdum. Dedi sizdədir. Mən də gəldim bura.
Pərvin – (zorla özünü ələ alır) Nə vaxt zəng vurmuşdun?
Tural – (saatına baxır) Düz bir saat qırx beş dəqiqə bundan qabaq.
Pərvin – Hə... Nərgiz burda idi. Bir saat əvvəl çıxdı. Yəqin indi evə çatmış olar. Keç otur. Gəl çay içək. Gəzməyə ayrı vaxt gedərsiniz. Yaxşı ki, gəldin. Sənin üçün darıxmışdım. Nərgizi tez-tez görürəm. Sən iş adamısan. Vaxtın olmur, başa düşürəm.
 
XXX
 
8/ Pərvinin mənzili. Tural-Pərvin çay içirlər.
Pərvin – Tural, oğlum, gözümə birtəhər dəyirsən. Deyəsən yorğunsan.
Tural – Yox, yorğun deyiləm. Bu gün işimiz az olub. Ona görə işdən tez çıxmışam.
Pərvin – Bəs nə olub? Qaşqabaqlısan. Kefin niyə yoxdur?
Tural – Heç, elə-belə.
Pərvin – Sözlü adama oxşayırsan. De görüm nə olub? Ürəyində saxlama.
Tural – Pərvin xala, Nərgizdən sizə şikayət eləməyim yaxşı deyil. Başa düşürəm. Amma siz mənə anam qədər yaxın olmusunuz. Nərgiz sizin qızınızdır. Bəlkə ona siz təsir edə bildiniz.
Pərvin – Nə olub? Nərgiz neyləyib?
Tural – Bilmirəm necə deyim? Siz mənim həyat prinsipimi bilirsiz. Mən bilmirəm bu pisdir, yaxşıdır... Amma mən öz xasiyyətimi göstərmişdim. Nərgiz də mənim xasiyyətimi bilirdi. Biz evlənməmişdən qabaq heç bir problem yox idi. İndi hər şey dəyişib. Nərgiz əvvəlki adam deyil.
Pərvin – Sən məni qorxudursan. Nərgiz neyləyib? Paltarlarını deyirsən?
Tural – Elə paltarları da xoşuma gəlmir. Dodağına, üzünə o qədər kraska vurur ki...
Pərvin – Eh, ay oğlum, xoşun gəlmir deməyinə baxma. Sən də adamların içindəsən. Qadınların hamısının dodaqları kraskalı, gözləri sürməlidir. Evdə arvadını belə görməsən, elə biləcəksən ki, sənin arvadın çirkindir. Ürəyin də yavaş-yavaş ondan soyuyacaq. Nərgiz sənin xoşuna gəlmək istəyir. Nərgiz səni çox istəyir. Bunları sənə görə edir.
 
XXX
 
9/ Leyla. Yaşadığı bina.
Liftin qabağında dayanıb. Düyməni basır. Liftin qapısı açılmır. Pilləkənlə bir qız düşür. Salamlaşırlar.
Qız – Lifti gözləməyin, işləmir.
Leyla – Niyə? Yenə nə olub?
Qız – Yuxarı mərtəbədə təmir işləri gedir. Bütün tikinti materiallarını liftlə daşıyırlar. Lift belə ağırlığa hesablanmayıb axı.
Leyla – (pilləkənləri həvəssiz qalxır, deyinir) Belə də iş olar? Təzə binadır. Təzə liftdir... Yuxarı mərtəbədə yaşayanlar neyləsinlər? (başını qaldırıb yuxarı baxır). Gör hələ neçə mərtəbə qalxmalıyam.
 
XXX
 
10/ İlqar.
Bulvarda dəniz kənarında gəzişir.
Dənizə baxır (Romantik musiqi səslənir).
 
XXX
 
11/ Pərvinin mənzili. Tural-Pərvin.
Tural – O gün özünə bir yubka alıb. Bilirsiz nə boydadır? Mən görəndə elə bildim hansısa uşağa hədiyyə alıb.
Pərvin – Buna görə kefini pozursan? Lap nahaq yerə! Bu da bir dəbdir də. Cavanlar dəblə geyinməyi xoşlayırlar. Nə bilmək olar, bir də gördün sabah dəb dəyişdi, paltarının balağı başladı yerlə sürünməyə. Belə şeylərə görə qanını qaraltma. Hər yaşın bir xüsusiyyəti var. Götürək elə məni. Cavanlıqda mən bir nömrəli modabaz idim. İndi mən o cür geyinə bilirəm? (gülür) Belə şeylərə çox fikir vermə. Bir-birinizə güzəştə gedin. Sən ağıllı oğlansan. Mən bilirəm ki, belə boş şeylərə görə ailədə narazılıq yaranmasına yol verməzsən. Çayını soyutma. Nə fikrə getmisən? Düz demirəm?
Tural – Mən demirəm ki, dəblə geyinməsin. Amma hər şeyin bir həddi olmalıdır. Mən Nərgizin belə geyinməsini istəmirəm, o da bunu bilir. Bilə-bilə də geyinir.
Pərvin – Oğlum, ailə təzə qurulanda söz-söhbət olur, bir-birini başa düşmürlər, heç nədən narazılıq yaranır. İkiniz də öz fikrinizi qəbul etdirmək istəyirsiniz. İndi sən öz dediyindən dönmə, o da öz dediyindən. Bunun axırı necə olacaq? Ailədə hər şey ola bilər. Əsas odur ki, siz bir-birinizi sevəsiniz, bir-birinizə etibar edəsiniz.
 
XXX
 
12/ Fəvvarələr bağı. 
Tural-Nərgiz. Nərgiz təzə gəlib. Dayanır, ətrafa baxır. Arxadan ona Tural yaxınlaşır.
Tural – Xanım qız, siz təsadüfən məni gözləmirsiniz?
Nərgiz – (gülümsünür) Çoxdan gözləyirsən? Avtobus məni gecikdirdi.
Tural – Eybi yox. Mən buna adət etmişəm.
Nərgiz – Niyə məni bura çağırmısan? Hara gedirik?
Tural – Hara istəyirsən gedək. Hava da yaxşıdır. Belə havada evdə oturmaq günahdır. İstəyirsən bulvara gedək? (Nərgiz cavab vermir) İstəyirsən səni ekskursiyaya aparım.
Nərgiz – Hara?
Tural – Mənim işimə baxmaq istəyirsən? İndi çox maraqlı bir proyekti həyata keçiririk. Bax, gör xoşuna gəlir? Görəcəksən ki, sənin ərin nə işlər görür (fəxrlə).
Nərgiz – Sənin işin mənə maraqlı deyil. Mənə nəticə lazımdır. Nəticə hanı?
Tural – Hə, sən pulu nəzərdə tutursan. Bizim pulumuz olacaq. Mən hələ təzə başlamışam işə. Bilirsən necə ideyalarımız var? Əgər onları həyata keçirsək... Narahat olma, bilirəm evimiz darısqaldır. Pulumuz olan kimi, bu mənzili satıb iki otaqlı, geniş bir mənzil alarıq.
Nərgiz – İki otaqlı?
Tural – Hə...
Nərgiz – Sən iki otaqlı mənzili geniş hesab edirsən?
 
XXX
 
13/ Pərvinin mənzili. 
Pərvin xanım otaqda var-gəl edir. Öz-özünə danışır: qoy olsun! Qoy Teymurun istədiyi kimi olsun. Bəlkə yaxşı qızdır? Teymur onu istəyir. Cavandırlar. Mən onlara kömək etməsəm, kim edəcək? Başlarına bu boyda iş gəlib. Mən də oğlumu bir yandan iynələyirəm, pis-yaxşı, daha bəxtimizə çıxan budur. Deməli, yazan belə yazıb. Taleyimlə mübarizə aparmayacağam ki? Teymur indilərə gəlməlidir. Gəlsin, ondan üzr istəyəcəm. Axı gərək o da məni başa düşsün. O mənim balamdır. Mən onun xoşbəxtliyini istəyirəm (Teymur otağa daxil olur).
Pərvin – Mənim balam, gəl, keç otur.
Teymur – (soyuq) Necəsən? Kişi necədir? Mənə nə sözün var?
Pərvin – Yaxşıyıq. Sən necəsən? Jalə necədir?
Teymur – (təəccüblənir) Kimi soruşdun?
Pərvin – Gəlinimi.
Teymur – Qulaqlarıma inanmıram.
Pərvin – Mən çox fikirləşdim. Mənə nə lazımdır? Sənin xoşbəxtliyin. Əgər sən Jalə ilə xoşbəxtsənsə, bu mənə bəsdir. Atan ezamiyyətdən qayıtsın, qohum-əqrəbanı yığarıq, sizə toy edərik. Köçüb bizdə yaşayarsınız.
Teymur – Burda? Bir evdə, bir yerdə? Zarafat edirsən?
Pərvin – Sən mənim böyük oğlumsan. Mən də istəyirəm nəvələrim olsun, gəlinim olsun, sən yanımda olasan. Siz bütün sınaqlardan çıxdınız. Allah sizi xoşbəxt etsin.
 
XXX
 
14/ İlqar-Aynur.
Küçə. Alaqaranlıqdır.
İlqarla Aynur söhbət edə-edə gəzişirlər.
Aynur – Niyə kefin yoxdur? Nə isə olub?
İlqar – Olub. Mən işimi dəyişmişəm. İndi Neft Şirkətində işləyəcəm.
Aynur – Niyə iş yerini dəyişdin?
İlqar – (gülümsəməyə çalışır) Orada maaş yaxşıdır, özümə mənzil ala bilərəm (dekanın sözlərini təkrar edir).
Aynur – Bu ki, yaxşı xəbərdir.
İlqar – Hə...
Aynur – Bəs niyə qanın qaradır? Səni kimsə buna məcbur edir? (İlqar dinmir). İstəsən universitetdə qala bilməzdin?
İlqar – İstəsəm də qala bilməzdim. Məni ora bağlayan daha heç nə yoxdur (siqaret çıxardır).
 
XXX
 
15/ Turalın mənzili. 
Tural işdən tez qayıdıb.Nərgizi sevindirmək istəyir. Ona tort alıb. Nərgiz isə evdə yoxdur. Nərgizə zəng vurur. Telefonu bağlıdır. Tural Pərvin xanıma zəng vurur (telefon danışığı).
Tural – (salamlaşır) Pərvin xala, Nərgiz sizdə deyil?
Pərvin – Yox, sən hardan danışırsan?
Tural – Mən evdəyəm. Bu gün Nərgizə görə işdən tez çıxmışam. O da evdə yoxdur.
Pərvin – Yəqin darıxıb, rəfiqəsigilə gedib. Narahat olma, harda olsa gələr.
 
XXX
 
16/ İlqar-Aynur. Kafedə oturublar.
Aynur – Sənə nəsə əzab verir. Sən fikir çəkirsən. İstəsən mənlə bölüşə bilərsən (İlqar yenə də siqaret çıxardır, yandırır). Sən söz vermişdin ki, siqareti atacaqsan. Bilirəm, çətindir atmaq.
İlqar – Səhvin var. Mark Tven deyib ki, “siqareti atmaq çox asandır. Məsələn, mən 47 dəfə çəkməyi atmışam” (gülüşürlər).
Aynur – Mark Tvendən fərqli olaraq sən siqareti atmağa heç cəhd də etmirsən.
İlqar – Alınmır (fikirli halda).
 
XXX
 
17/ Aynur-İlqar.Kafedə söhbət.
Aynur – Danış mənə dərdini. Yüngülləşəcəksən. İnsan dərdini, fikrini özündə saxlamamalıdır. Onu kiməsə danışmalıdır.
İlqar – Bu həkim məsləhətidir?
Aynur – İndi tibb elmi də etiraf edir ki, insanın əhval-ruhiyyəsinin sağlamlığa təsiri böyükdür.
İlqar – Resept yazın, doktor. Acı dərmanlarınız mənim dərdimə məlhəm olsun.
Aynur – Resept yazmaq üçün sizə diaqnoz qoyulmalıdır. Bunun üçün sizi müayinədən keçirməliyik (söhbət zarafatyana olmalıdır). Hə, başlayın. Həkim sizi dinləməyə hazırdır.
 
XXX
 
18/ Növbəti iş günü. Turalın mənzili. 
Tural yenə də evə tez gəlib. Nərgiz yenə də evdə yoxdur. Tural otaqda var-gəl edir. Gah balkona çıxır, gah pəncərədən küçəyə baxır. Birdən nə isə fikirləşib telefonun dəstəyini qaldırır (telefon danışığı).
Tural – Pərvin xala, Nərgiz sizdədir? Yox. İstəyirdim Nərgizə xəbər verəm ki, narahat olmasın. Mən bu gün işdən gec qayıdacam. Amma nə qədər zəng vururam, dəstəyi götürmür.
Pərvin – Bəlkə zəng çatmır? Yəqin telefonu işləmir. Narahat olma, Nərgiz evdə olmayıb, harda olacaq? Mən qonşuya zəng vurub Nərgizi xəbərdar edərəm. Ona deyərəm ki, sən evə gec qayıdacaqsan.
(Tural dəstəyi yerinə qoyub cəld evdən çıxır).
 
XXX
 
19/ Kafe-bar. Nərgiz tək oturub. 
Yavaş-yavaş, ətrafa baxa-baxa hündür bakaldan nə isə içir. Qonşu stollardan birində cavan oğlan oturub. O da təkdir. Arabir onların gözləri bir-birinə sataşır. Oğlan ayağa qalxıb Nərgizə yaxınlaşır.
Oğlan – Xanım qız, deyəsən darıxırsınız? Düz tapdım? Bəlkə tanış olaq? Siz də təksiniz, mən də.
Nərgiz – Mən rəfiqəmi gözləyirəm.
Oğlan – Rəfiqəniz də sizin kimi gözəldir? (Nərgiz cavab vermir). Mənim adım Alikdir (əlini Nərgizə uzadır). Bəs sizin adınız?
Nərgiz – Nərgiz (əlini uzadır).
(Alik Nərgizin əlini öz ovcunda saxlayıb düz onun gözlərinə baxır).
Oğlan – Ooo, mənim ən çox xoşladığım çiçək... (keçib Nərgizlə üzbəüz oturur). Nə yeyəcəksiniz? Nə sifariş edim?
 
XXX
 
20/ Kafe. İlqar-Aynur.
İlqar – Bəs əgər xəstə öz ağrıları barədə danışa bilmirsə?
Aynur – Oooo, sənin vəziyyətin mən düşündüyümdən də ağırdır.
İlqar – Gördün? Sən də deyirsən, dərdini aç de. Həkimlər bütün dərdlərə əlac edə bilməzlər.
Aynur – Əsas dərdi müəyyən etməkdir. Ondan sonrası asandır.
İlqar – Bütün dərdlərin dərmanı tapılıb?
Aynur – (ciddi) Bütün. Əmin ola bilərsən. Dərmanı olmayanda kəsib atırıq.
 
XXX
 
21/ Həyət. Maşınlar görünür. 
Nərgiz və Alik kafedən çıxırlar. Alik xarici markalı, təzə bir maşına yaxınlaşır.
Alik – Keç əyləş.
Nərgiz – Mən evə gedirəm.
Alik – Mən səni apararam.
Nərgiz – Yox, özüm gedərəm.
Alik – Hava qaralıb, tək gedə bilməzsən. Nədən ehtiyat edirsən? Yoxsa məndən qorxursan?
(Nərgiz dinmir. Qapını açıb qabaq oturacaqda oturur).
 
XXX
 
16-cı bölümün sonu

(Ardı var)
 

ŞƏRH YAZIN