Daşlar arasında yarpaq

0
3170
 Daşlar arasında yarpaq

Adi bir axşam idi. İş günü arxada qalmışdı. Mən yorğun və biraz da kefsiz evə gedirdim. Kefsiz olmağımın səbəbi – daha bir adi, maraqsız və rəngsiz həftə gününü yaşamağım idi. Yolum yeni tikilmiş, gözəl, iri və əzamətli mərmər piltə və daşlarla bəzədilmiş parkdan keçirdi. Axşamlar isə burda çoxlu xırda fənərlər ətrafa işıq saçırdı. Bu yol, mənim hər gün səhər və axşam burdan keçirdiyim yol idi, hətta nahar fasiləsinə çıxdığım zamanlar da yolum buradan düşürdü. Demək olar ki, burada hər bir daş, hər bil sütün mənə artıq çox tanış idi. Eyni zamanda bunlar mənə adi və maragsiz gəlirdi. Hər gün eyni park, eyni binalar, mərmər daşlar və skamyalar. Gözəl idi, lakin doğma və isti abu-hava yox idi burada. Yolum burdan çoxdan keçsə  belə, bir dəfə də burada ayaq saxlayıb ətrafı seyr etmədim, hətta skamyada oturmaq həvəsi də yaranmadı məndə. 
 
Bir gün gözümə daşlar arasında cücərmiş yaşıl və zərif yarpaq sataşdı. Bu hansısa bir yabanı kol bitkisinin yarpağı idi. Özümdən asılı olmayaraq ayaq saxlayıb bu yarpağa baxdım. Maraqlısı odur ki bu yarpaq küləyin təsiri ilə zərifcəsinə əssə də, özündə güc tapib bu əzəmətli daşlar arasından çixa bilmişdi. Nə qədər güc, səbr, dözüm, iradə gördüm bu yarpağın simasında. Bəzən insanlar da bu yarpaq kimi özündə güc tapib həyatın çətinlikləri ilə üz-üzə durur. Bütün çətinliklər insan iradəsi, mənəvi gücü, dözümü qarşısında baş əyir və dız çökür. 
Ani olaraq bədəni enerji gəldi, sanki güc aldım gördüyümdən. Həyatda yaşamaq gücü, heç nəyə baxmayaraq ruhdan düşməyib arzu və məqsədlərimə doğru səbr, inam və iradə ilə irəli getmək gücü. Əhvalım dəyişdi, yorğunluğum keçdı və kefim açıldı. 
 
Sən demə, bir balaca yarpaqda böyük bir dünya var imiş, bir həyat fəlsəfəsi gizlənirmiş. O gündən, o yarpaq fikrimdən çıxmır. Həyatda hər hansı bir çətinliklə üzləşirəmsə, dərhal o yarpağı xatırlayıram. Bu kiçik yarpağın düşüncəsi mənim bədənimi və ruhumu qüvvətləndirir, məndə həyat eşqini artırır. Bəlkə də elə bu səbəbdən bütün bunları qələmə alıb insanlarla bölüşmək istədim. 
 
Həyatda yaşayarkən həm yaxşı, həm də pis günlərimiz olur. Qarşımızda böyük qalalar hörənlərlə, xəndək qazanlarla rastlaşarıq, yıxılarıq, durarıq və yaşamağa davam edərik. Ancaq əzm və iradəmizi qorumağı bilməli, öz daxilimizdəki möhtəşəm gücü tanımalıyıq. Özümümüzü kəşf etdikdən sonra, həyatda mümkün olmayacaq heç nə olmadığını anlayacağıq.

Esmira PƏNAHOVA
 

ŞƏRH YAZIN