Əksər iş yerləri yalnız cv-nizi nəzərdən keçirib sizi işə qəbul etməzlər. Cv göndərmək hələ başlanğıcıdır. İkinci mərhələ cv-nizin işə götürən tərəfindən müsbət qarşılanıb-qarşılanmamasıdır. Əgər bu mərhələni də keçsəniz, növbəti pillə kimi sizi müsahibəyə dəvət edəcəklər. Əmin olun ki, müsahibədə işə götürən tərəf üçün yalnız onların verdiyi sualları doğru cavablandırmağınız kifayət deyil. Bu zaman onlar sizin geyiminizdən tutmuş, əl-qol hərəkətlərinizə qədər hər şeyə fikir verəcəklər. Buna görə də əgər getdiyiniz müsahibələrdən “Biz sizinlə əlaqə saxlayarıq” sözlərini eşidib əliboş geri qayıtmaq istəmirsinizsə, işə götürən tərəfin marağında olan hər incə detala fikir verməlisiniz.
Hər şeydən əvvəl diqqətinizi geyiminizə yönəldin. Unutmayın, “İnsanı geyiminə görə qarşılayıb, ağlın görə yola salarlar”. Müsahibəyə getdiyiniz insanlarla ilk görüşdə onlarda xoş təəssürat yaratmaq əsasdır. Bunu öyrənməyin ən yaxşı yolu isə əgər həmin yerdə çalışan tanışlarınız varsa, onlardan və yaxud da internetdən axtarış aparmaqdır. Bu vasitələrdən heç biri ilə uğurlu nəticə eldə etməsəniz, müsahibəyə getməzdən əvvəl həmin iş yerinə baş çəkməyiniz məsləhətdir. İş günü bitdiyi zaman həmin yerə gedin və oradan çıxan insanların geyiminə diqqət edin və sabah nə geyinəcəyinizi özünüz üçün müəyyənləşdirin. Bu missiyanı yerinə yetirdikdən sonra artıq evə qayıdıb müsahibədə sizə veriləcək suallar barədə düşünə bilərsiniz.
Bəs müsahibədə sizə veriləcək suallar hansılardır? Onları necə cavablandırmalısınız? Bu sualların cavabını bilmirsinizsə, deməli məqalənin davamını mütləq oxumalısınız.
İş müsahibəsində soruşulan 6 standart sualın düzgün cavabı.
Çatışmayan cəhətləriniz hansılardır?
Sosial resurslar üzrə mütəxəssis Olqa Bezumova deyir ki, bu suala zarafatyana cavab vermək yersizdir, ancaq həqiqi çatışmayan cəhətlərinizi sadalamağınızın mənası yoxdur. Çünki işə qəbul edən tərəf sizdən “çox safam, insanlara tez inanıram”, “küsəyənəm, hər şeydən tez inciyirəm.” və.s kimi cavablar eşitməkdə maraqlı deyil. Onları maraqlandıran əsas cəhət sizin peşəkarlığınızdır. Buna görə də belə suala: “Əlbəttə ki, mənim də çatışmayan və hətta mənfi cəhətlərim var, ancaq bunlar mənim professional keyfiyyətlərimə heç cür təsir etmir”- deyə cavab verməyiniz daha məqsədəuyğundur.
Uğurlu layihələriniz haqqında danışın
Biznes sahəsində ekspert Coys Kennedi müsahibədə bu vaxta qədərki iş təcrübəsində əldə etdiyiniz ən böyük nailiyyətlərdən danışmağı tövsiyyə edir. Bu məqamda həddi aşmamaq üçün diqqətli olmaq tələb edilir, əks halda qarşı tərəf sizi təvazökarlıqdan uzaq biri kimi tanıyacaq, hətta sizin bu hərəkətiniz onları qıcıqlandıracaq.
Niyə bizimlə işləmək istəyirsiniz?
Bu zaman “çünki sizdə maaş daha çoxdur” tipli səmimi cavablar verməkdən çəkinin. Sizi işə qəbul edəcək insanlara bu səmimiyyətiniz xoş gəlməyə bilər. Yaxşı olar ki, bu zaman həmin şirkətin həyata keçirdiyi uğurlu layihələr, onların peşəkarlğı haqqında danışasınız.
Hansi səbəbə görə əvvəlki iş yerindən ayrıldınız?
Bu məqamda əvvəlki iş yeriniz haqqında pis danışmamağınız tövsiyyə edilir. Bunun əksini etsəniz, işə götürən gələcəkdə onun şirkəti haqqında da başqa yerlərdə də heç də xoş olmayan şeylər danışacağınızı düşünəcək. Əvvəlki müdiriniz dözülməz insan olsa da, bu faktı burada deməyiniz lazım deyil. Bunun əvəzinə, əvvəlki ofisin evinizə çox uzaq olduğunu, kariyeranızı inkişaf etdirmək üçün oranın əlverişli mühit olmadığını və ya iş qrafikinin sizin üçün rahat olmadığını söyləyə bilərsiniz.
Hansı uğurlu layihələriniz olub və onların nəticəsini necə dəyişmisiniz?
Bu sualın əsası ikinci hissəsidir. İndi işəgötürən tərəf sizin böhran vəziyyətində necə davrandığınız, yaranmış problemi həll etmək üçün hansı üsullardan istifadə etdiyiniz barədə eşitmək istəyir. Yaxşı olar ki, ona eşitmək istədiklərindən danışasınız.
Biz niyə məhz sizi işə qəbul etməliyik?
Bu sualla sizin özünüzə olan inamınızı yoxlamaq istəyirlər. Buna görə də sual verənin gözünə baxaraq “Mənə verilən tapşırıqları düzgün və vaxtında yerinə yetirəcəyimə əminəm. Məni heç bir çətinliklər qorxutmur, istənilən situasiyada həll yolu tapmağı bacarıram. Əvvəlki iş yerlərimdən sizə təqdim etdiyim tövsiyyə məktublarını oxuyaraq buna inana bilərsiniz. Məni düşündürən işin kəmiyyəti yox, keyfiyyətidir, amma eyni zamanda bunların hər ikisini birlikdə etməyi də bacarıram” və ya buna oxşar başqa bir cavab verməyinizi istəyirlər.
Bu qədər. İndi sizin müsahibədə tələb edilən keyfiyyətlər, soruşulacaq suallar barədə məlumatınız var. Eyni zamanda unutmayın ki, özünə inam bütün iş yerlərində tələb edilən əsas keyfiyyətdir. Siz öz gücünüzə inanın ki, ətrafdakıları da buna inandıra biləsiniz.