Google əməkdaşları işə katerlə gedəcək

0
2063
 Google əməkdaşları işə katerlə gedəcək

“Google” şirkəti avtobuslardan imtina edərək əməkdaşlarını Kaliforniyadakı ofisinə katerlə aparmağa başlayıb. 

İnternet şirkəti San-Fransisko limanında icarəyə götürdüyü 149 sərnişin tutumlu katerdən əməkdaşların Silikon vadisinə səhər işə, axşam isə evlərinə çatdırılması üçün gündə iki dəfə istifadə edir. “Google” nümayəndələri bildiriblər ki, katerdən istifadə sınaq məqsədilə həyata keçirilir və sınaq müddətinin nə vaxtadək davam edəcəyi məlum deyil. Bundan başqa, şirkətin katerin icarəsinə görə nə qədər pul ödəməsi barədə məlumat verilmir.   Şirkət San-Fransisko sakinlərinin 2013-cü ilin sonunda başlayan etirazları səbəbindən avtobuslardan imtina etməli olub. Belə ki, bir qrup nümayişçi “Google” və “Apple” şirkətlərinin əməkdaşlarını aparan avtobusun qarşısını kəsərək nəqliyyat vasitələrindən birinin şüşələrini sındırıb, eləcə də əməkdaşlardan Oklendi tərk etməyi tələb edən şüarlar səsləndirib, vərəqələr paylayıb. San-Fransiskonun şəhər və rayonlarının əhalisi texnoloji şirkətləri regionda həyat tərzinin, xüsusilə şirkətlərin öz əməkdaşları üçün kirayələdiyi mənzillərin qiymətinin artmasında səbəbkar bilir. Belə ki, son ildə San-Fransiskoda kirayə mənzillər üçün qiymətlər 10 faizdən çox artıb, eləcə də, bu müddət ərzində məhkəmənin qərarı ilə zorla evdən çıxarılma hallarında 25 faizlik artım qeydə alınıb. “Google”un mənzil-qərargahı San-Fransisko körfəzinin cənub hissəsindəki Mauntin-Vyu şəhərində yerləşir. Baş ofisdə ümumilikdə 10 minə yaxın əməkdaş çalışır.   - 

ŞƏRH YAZIN