Vicdan hissindən çox danışırıq. Bəs vicdan nədir, harda yerləşir bilirikmi?
Alimlər elə bu sualları cavablandırmaq üçün insanda vicdan axtarıblar.
Beyninin təqribən mandarin boyda bir hissəsinin hesabına insan yanlış qərarlardan çəkinməyə və vicdan əzabı çəkməyə qabildir. Oksfordda aparılan araşdırmaların nəticələri belə deməyə imkan verir.
Təcrübə zamanı alimlər 25 qadın və kişinin, eləcə də makakaların baş beyninin ön qabığının şəklini çəkiblər. Şəkillərin müqayisəsi zamanı məlum olub ki, insan beynində vicdana cavabdeh olan bu hissə 12 seksiyadan (bölmədən) ibarətdir. Meymunlarda isə seksiyaların sayı 11-dir.
“Biz beynin yalnız insanlarda rast gəlinən hissəsini müəyyən etdik” – deyə araşdırmaçılardan biri, Metyu Raşuota qeyd edir. Onun sözlərinə görə, “yan alın qütbü” adlanan, sinir toxumalarından ibarət şarabənzər hissə düz qaşların üzərində yerləşir.
Bəzi insanlarda bu hissənin ölçüsü təxminən brüssel kələminin ölçüsünə bərabərdir, digərlərində isə madarin boydadır. Beynin məhz bu hissəsi yaxşını pisdən ayırmağa, başqalarının səhv hərəkətlərini görməyə və yeni bacarıqlar mənimsəməyə imkan yaradır.
Qeyd edək ki, bir müddət əvvəl yaponlar beyinin özünüqiymətləndirməyə cavab verən hissəsini müəyyən ediblər.
Korrektə etdi: Hürü Mustafayeva