Pul ehtiyatını evdə yoxsa bankda yığmaq sərfəlidir

0
927
Pul ehtiyatını evdə yoxsa bankda yığmaq sərfəlidir

Bəşər tarix boyu pul toplamağa adət edib. Səbəb isə həmişə bir olub -“Qara günə” ehtiyat toplamaq. Bütün dünyada pulun gələcəyə, ailə kapitalının yaradılmasına, bəzən isə pensiya dövrünə-yəni yaşlılığa görə yığılması insanların mikro-iqtisadi düşüncələri olan kiçik ailə təsərrüfatının təməli olub. 

İş ondadır ki, insanlar arasında qənaət edib pul yığmağı bacaran, onun necə və hansı formada yığılmalı olduğunu bilən elə də çox deyil. Qənaət edib pul yığmağın necə edilməli olduğunu başa düşməsələr də öz maliyyə idarəsini yalnız ehtiyatda bir miqdar pul olması hesab edirlər. Pul yığmaq prosesi əslində “həyat sürprizləri” üçün toplanması, insaları varlı olmağa aparan yolun bir hissəsi də ola bilər. Ən əsası isə gələcəyin sığortalanmasında elə bir metoddur ki, öz maliyyə müstəqilliyini təmin etmək üçün pul yığmaq ən aktual ikinci addımdır. Birincisini deməyə ehtiyac yoxdur-birinci bu pulu qazanmaqdır.

İnsanlar arasında aylıq xərclərdən artıq qalan vəsaitlərin saxlamaq növləri müxtəlifdir. Ən çox müşahidə olunan formaları isə pul və ya qiymətli metal şəklində evdə saxlanması, daşınmaz əmlaka-torpağa yatırılması və banklarda depozit şəklində saxlanmasıdır.

Əhalinin öz vəsaitlərini qiymətli metal qismində saxlaması yığım qaydalarından biridir- bəlkə də ən mühümüdür. Əksər insanlar öz seçimini qiymətli metal, xüsusən qızıl üzərində saxlayırlar. Bununla da onlar pullarını müxtəlif risklərdən və mövcud inflyasiyadan qoruduqlarını düşünürlər. Bu risklərin ən kiçiyi kimi ya satıcının keyfiyyətsiz qızıl sata bilməsini, ya da pula ani ehtiyac yarandığı halda qızılın gözlənildiyindən daha az likvid vəsait kimi çıxış etməsini misal gostərmək olar. Axı qızılın qiyməti hər an dəyişməsə də indiki kimi dünya birjasında birdən elə düşgünlük göstərir ki, bəzi insanların illərcə yığıb-saxladığı qızılların qiymətinin ən azı onların bir illik maaşları səviyyəsində azalmasına gətirib çıxarır. Reallıq isə budur- mərasim xərclərini çıxsaq hələ də insanlar öz kapitallarını qızıl şəklində saxlamağı sevirlər.

Vəsaitin saxlanma növlərindən biri də torpaqdır. Hazırki daşınmaz əmlak bazarında torpaq qiymətləri kəskin dərəcədə artmasa da, azalma da müşahidə edilmir. Bu baxımdan əmanətin torpaq şəklində saxlanması elə böyük riskli olmasa da qazanc gətirməsi də aşağı səviyyədədir. Bundan əlavə pul vəsaiti gərək elə şəkildə saxlanılsın ki, onun saxlanma formasından asılı olmayaraq ehtiyac halında asanlıqla və zərər çəkmədən geri qaytarıla bilsin.

Depozitlər elə bir əmanət formasıdır ki, əmanətçiyə bankla imzalanmış müqavilədə əks olunan uçot faizləri formasına müəyyən gəlir qazandırır. Depozit həm banka, həm də əmanətçiyə eyni anda fayda verir: Əmanətçi müəyyən faizlər əldə edir, bank isə əmanətçinin pulunu dövriyyəyə buraxa bilir. Lakin banklara insanların yanaşması bir mənalı deyil, bəziləri gəlir gətirmək üçün ən etibarlı vasitə olaraq bankı qəbul etsələr də bəziləri keçmişdə qarşılaşdıqları problemli məsələlərə görə banklara inamını itiriblər.

Nə qədər ki insanlar öz pul vəsaitlərini və zinət əşyalarını evlərində saxlamağı üstün tuturlar, öz əmanətlərini saxlaya biləcəklərini düşünürlər, bəzi oğru və cinayətkarlar onların böyüklü-kiçikli sərvətlərinə daha çox tamah salacaqlar.Hələ bu oğurluq hadisələrində maddi vəsait itkisi ilə yanaşı ölüm və yaralanma hadisələri də olur ki, bu da məsələnin digər bir ziyanlı tərəfidir. 

Unutmaq lazım deyil - iqtisadiyyatın əsas qanunu qazanc əldə etməzdən öncə risklərdən sığorta olunmaqdır. Əgər biz öz əmanətlərimizi nə qədər çox evdə saxlamağa üstünlük veririksə bir o qədər də həm maddi, həm də mənəvi risk daşımış oluruq.

 

ŞƏRH YAZIN