Zamana Buraxın!

0
4038
Zamana Buraxın!

İçində fırtınalar qopur, bəzən əsəbiləşirsən. Olanlara, yaşananlara, yaşanmayanlara hirslənirsən. Üsyan edirsən. Lənətlər yağdırır, bəla oxuyursan. Ümidsizliyə qapılır,"əsla keçməyəcək və mən həmişə keçmişdən asılı qalacağam"- deyirsən.
Üzsüzlərin, sinəsini gərə-gərə gəzdiyi bu iqlimdə niyə nəfəs almaq məcburiyyətində olduğunu anlaya bilmirsən. Niyə onlar hələ nəfəs alır, onu heç həll edə bilmirsən. Fizika qaydasıdır; eyni qütblər normalda bir-birini itələyərkən, iş xaraktersizliyə gəlincə, nədənsə qayda belə işləməyirmiş.. xaraktersiz insan ətrafına; cəsədlərə yığışan ağcaqanadlar kimi xaraktersizləri yığırmış, yeni-yeni anlayırsan.
Sevginin günahsızlığı, güvənin safı ləkələnib artıq gözündə. Bir daha ikisinə də əlini sürə bilməyəcəksən kimi gəlir; bəlkə öz əllərini ləkələməmək üçün, bəlkə də ləkələri təmizləməyə macalın olmadığı üçün. Təkliyin bir ömür daimi dostun olacağını sezirsən və bu canını ağrıtmır,narahat etmir; uzun ömrün tək başına keçəcəyi düşüncəsi. "Onsuz da ömrün uzun olacağı haradan aydındır ki.."- deyə rahatlaşdırırsan özünü.
 
Sonra…
 
Sonra yavaşca pıçıldayır zaman: «Mənə burax…»
 
Nəfəsi hüzur verir, içini bir istilik örtür. Gülümsəyirsən, ümidlə dolur ürəyin. Keçəcək, bax buludlar indidən dağılmağa başladı; günəş üfüqdə göründü belə deyirsən." Bu ilk dəfə dibə vuruşun deyil ki, sən nələri aşmadın"- deyə atəşkəs elan edirsən özünlə.
 
İnanırsan..
 
Bilirsən…
 
Hər şey çox gözəl olacaq...
 
Hiss etməyə başlayırsan…
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN