11 milyardı var amma kral ailəsinə mənsub deyil.

0
2968
11 milyardı var amma kral ailəsinə mənsub deyil.

Kral ailəsinə mənsub deyil. Amma Səudiyyə Ərəbistanının ən varlı şəxslərindən biridir. Aktivləri 45 milyard dollar səviyyəsində qiymətləndirilən, dünyanın ən böyük 22 bankından biri sayılan İslam bankı “Əl-Raci”nin sahibidir. İlk qazancını səhrada valyuta dəyişməklə əldə edib. 2011-ci ildə sərvəti 7,7 milyard, 2013-cü ildə 6 milyard, 2014-cü ildə 11 milyard dollar həcmində qiymətləndirilib.

Söhbət Süleyman Əbdül Əziz Əl-Racidən gedir.Süleyman Əbdül Əziz Əl-Raci 1920-ci ildə yoxsul ailədə anadan olub.

Əbdül Əziz ilk qazancını böyük qardaşı Salehlə birgə aclıq və səfalət çəkərkən əldə edib – onlar  

Necda səhrasından Məkkə və Mədinəyə gedən zəvvarlara səyyar valyutadəyişmə xidməti göstəriblər.

Əbdül Əziz bir qədər kapital topladıqdan sonra valyutadəyişmə ofisi yaradıb və səyyar pul dəyişdirməyə son qoyub. 1957-ci ildə qardaşları Saleh, Məhəmməd və Abdulla da ona qoşularaq, birgə “Al-Raci” islam bankını təsis ediblər. Sonradan bu müəssisə böyüyərək ölkəsində ən sərfəli biznes qurumuna çevrilir. Bir müddət sonra “Al Raci Bank Investment Corp” adlanan bank hazırda dünyanın 22 ən böyük maliyyə müəssisənin sirasına daxildir.

Qardaşların biznesinin parlaq dövrü isə 1970-ci ilə təsadüf edir. Göstərilən tarixdə neft bumu və çoxsaylı miqrant işçi qüvvəsi bankın dövriyyəsinə təsir göstərir.

Kral ailəsindən olmayıb qazananlar 

Səudiyyə Ərəbistanında biznesin əsas sahələrinin kuratoru kral ailəsinin mənsubları sayılır. Əl-Raci qardaşları Səudiyə Ərəbistanında yeganə adamlardır ki, ailədən olmasalar da, iqtisadiyyatın bir sıra sahələrində iş qurub şəxsi biznes yaradıblar. Onların gəlirlərinin əsasını bankçılıq təşkil etsə də, biznes maraqları bununla məhdudlaşmayıb. Qardaşların gips və polad sənayesində, kənd təsərrüfatı, tikinti, eləcə də iqtisatiyyatın digər sektorlarında investisiyaları var. Ailə holdinqi “Al-Watania” isə Yaxın Şərqdə və dünyada ən böyük quşçuluq yemi istehsal edən şirkətdir. Kral ailəsinin quşçuluq fabrikləri onların birinci müştəriləridir.

Əl-Raci ailəsinə məxsus “Tameer Holdings” tikinti şirkəti 270 milyon dollara Dubayda 91 mərtəbəli göydələn inşa edib. 

Terrorçulara maliyyə ayırmaqda günahlandırılır 

Tam İslam bankçılığı prinsipləri ilə fəaliyyət göstərən “Al Rajhi Banking and & Investment Corp“a gəlincə, bank maliyyə sabitliyinə, ödəmə qabiliyyətinə, xidmətlərinin keyfiyyətinə görə təkcə Səudiyyə Ərəbistanında deyil, bütövlükdə regionda lider sayılır. “Əl-Raci” son illər neftin qiymətinin artmasından böyük gəlirlər əldə edib. İki il əvvəlki məlumatlara görə, “Əl-Raci”nin aktivləri 45 milyard dollar səviyyəsində olub.

Mərkəzi ofisi Riyadda yerləşən bank Səudiyyə Ərəbistanın ən böyük bank təşkilatıdır. Bankın altı regional ofisi, təkcə Malaziyada isə 24 filialı var. Ailə bankı kimi fəaliyyət göstərən “Əl-Raci”nin hissələri dörd qardaş arasında bərabər bölünüb. Bankın hissədarı, böyük qardaş Salehin ölümündən sonra onun “Əl-Raci”dəki payı 24.6%-dən 20% faizə düşsə də, bu hissələr ailəsinə təslim edilib. 

Bu arada “Al Rajhi Banking and & Investment Corp” 11 sentyabr terrorunu maliyyələşdirməkdə günahlandırılan banklardan biridir. Lakin şirkət bu ittihamları təkzib edir. 

Sərvətinin yarısını xeyriyyəyə xərcləyir 

Kral Əbdül Əzizin Universitetində mədəniyyət elmləri üzrə bakalavr dərəcəsi alan Əl-Raci 2011-ci ildə sərvətinin yarısını xeyriyyəyə xərclədiyini açıqlayıb. Kral ailəsindən sonra ikinci biznes subyekti kimi vətənində Sulaiman Alrajhi Universitetini yaradıb. Bu təhsil müəssisəsi mənfəətsiz fəaliyyət göstərir. Orada diqqət təkcə islam bankçılığına deyil, digər elmlərə də yönəldilib. 

“Təkcə paltarım qalıb” 

Milyarder haqqında diqqəti çəkən məqam onun övladlarının sayıdır. Süleyman Əbdül Əziz Əl-Racinin 7 arvadı var. Bəzi mənbələrdə övladlarının sayının 31, bəzilərində isə hətta 60-dək olduğu göstərilir. Bundan əlavə, o, sərvəti haqqında danışanda: “Təkcə paltarlarım qalıb. Başqa heç nəyim yoxdu” deyir. Pulunu uşaqları arasında böldüyünü, bir qismini isə xeyriyyə tədbirləri məqsədilə kənara qoyduğunu iddia edir: “Uşaqlığımda yaşadığım aclıq və səfalətlə mübarizə aparmalıyam”.

Maraqlıdır ki, milyarder varidatının nə qədər hissəsini uşaqlarına, nə qədərini isə xeyriyyəyə ayırdığını açıqlamır. Onu da qeyd edək ki, Süleyman Əbdül Əziz Əl-Raci SAAR Fondunun ( xeyriyyə təşkilatları şəbəkəsi, beyin mərkəzi, biznes strukturlarının dəstəklənməsi məqsədi daşıyır) yaradıcısıdır. Onun adı dünyanın ən məşhur 500 müsəlmanının sırasına daxil edilib. 

Hər qəpiyini yazır 

Doxsan beş yaşında belə, Süleyman Əbdül Əziz sabah namazından dərhal sonra işə gedir. Milyarder əsas diqqətini SAAR Fondundakı fəaliyyətinə, krallığın ayrı-ayrı bölgələrinə səfərlərə yönəldib. Yeri gəlmişkən, onu kral ailəsi də yaxından dəstəkləyir. Bizneslərinin sürətli inkişafında bu fakt böyük rol oynayır. Süleyman Əbdül Əzizlə bağlı daha bir maraqlı fakt da onun bütün iş fəaliyyətini özüylə daşıdığı gündəliyə qeyd etməsidir. Özünün dediyinə görə, işləri əvvəlcədən həmin gündəlikdə planlaşdırır.

“Mən xəsis deyiləm” 

Süleyman Əbdül Əziz xəsis olmadığını deyir: “Amma həmişə bədxərcliyin əleyhinəyəm. Uşaqlarıma heç vaxt qarşılıqsız pul verməmişəm. Onlardan hansısa, pul üçün mənə yaxınlaşanda bunun əvəzində iş tapşırmışam. Çünki həyatımızda bəzən fərqində olmadan bədxərclik edirik. Və bu, bütün həyatımıza təsir edir. Pəncərələrə qalın pərdələr asmaqda heç bir məntiq yoxdur. Gün işığı elektrik işığından daha ucuz başa gəlir”. 

Əmlakı 

Digər Səudiyyə Ərəbistanı zənginlərindən fərqli olaraq Süleyman Əbdül Əziz Əl Raci təyyarədə tək səyahət etmir: “Mənim çoxlu təyyarələrim var. Amma onlar müxtəlif aviaşirkətlərə məxsusdur. Harasa gedəndə hamı kimi biletimin pulunu verirəm. Hər zaman ekonom-klassda səyahət edirəm. Düşünürəm ki, Allah var-dövləti özündən müştəbehliyi nümayiş etdirmək üçün yox, ondan etibarlı istifadə üçün verib”. 

95 yaşlı bankirin hobbisi 

Şeyx Əl-Racinin hobbisinə, eləcə də boş vaxtlarında nə etməsinə gəlincə, xüsusi istirahət planlaması olmadığını söyləyir: “Lakin səhrada gəzintidən zövq almaq mümkündür. Turizm gəzintisi üçün heç vaxt krallığın ərazisindən kənara çıxmamışam”.

İş adamı gələcək arzuları barədə belə deyir: “Sərvətlə bağlı arzuma artıq çatmışam.Övladlarım da işlərində uğurludurlar. Allaha şükür, sərvəti dağıtmır, uğurlu investisiyalar edirlər”.

 

Leyla Əliyeva

 

ŞƏRH YAZIN