Kasıb yaşayıb, təqaüdçü yaşında milyonerə çevrilən KFC sahibi

0
6345
Kasıb yaşayıb, təqaüdçü yaşında milyonerə çevrilən KFC sahibi

Yaratdığı şəbəkənin iki illik dövriyyəsi 23 milyard dollar olub. Dünyaya səfil gəlsə də, milyoner kimi vəfat edib. Varlanmasının səbəbi toyuq budlarıdır. Söhbət "Kentucky Fried Chicken"-nin yaradıcısı 60 yaşından sonra milyoner olan Harland Sandersdən gedir.
 
Harland Sanders 1890-cı ildə Amerikanın İndiana ştatında anadan olub. Atası Vilbur David Sanders fermada köməkçi işləyirdi. Anası Marqaret Ann Sanders ərinin az qazancına baxmayaraq, evdar qadın idi. Harland atasını altı yaşında itirir. Anası Marqaret uşaqlarını yaşca nisbətən böyük olan Harlandın himayəsində qoyaraq işləməyə başlayır. Bacı və qardaşlarına qulluq edən Harland bu şərtlərdə yemək bişirmək sahəsində istedada sahiblənir. Belə ki, hər gün evdə yemək bişirən qəhrəmanımız Amerika mətbəxinə aid əksər yeməklərin reseptini öyrənir.
 
Koloniyada xidmət edir
Orta təhsil almayan H.Sanders 10 yaşında artıq fermada işə düzəlib ayda 2 dollar maaş alırdı. İki il sonra anası ikinci dəfə ərə gedəndə iş yerini qonşu şəhərcikdəki fermaya dəyişir. 14 yaşında məktəbi birdəfəlik atır. 15 yaşında Yeni-Olbani ilə İndiana ştatı arasında hərəkət edən tramvaya konduktor kimi işə düzəlir. Bəzi mənbələrə görə, onun evdən bu qədər uzaqlaşmasına səbəb atalığı tərəfindən tez-tez fiziki zorakılığa məruz qalması olur. Nəhayət, Harland 16 yaşında yaşını saxtalaşdıraraq orduya yollanır. Toyuq qızartmasının “kralı” Amerikanın Kubadakı koloniyasında qulluq edir. Növbəti mərhələdə o, dəmirçinin yanında köməkçi düzəlir. Lakin gündəlik ödəmə onu qane etmədiyindən dəmiryolunda paravozda yanğınsöndürən işləməyə başlayır. Məhz burada o, gələcək həyat yoldaşı Klaudiyaya aşiq olur. Harland ona evlənmək təklif edir və “hə” cavabı alır. Bu nikahdan onun bir oğlu (kiçik yaşlarlında vəfat edir), eləcə də Marqaret və Mildred adlı iki qızı dünyaya gəlir.
 
Oxumağı qərara alır
"Evlilikdə kəramət var" -  əbəs yerə deməyiblər. Parovozda yanğınsöndürən işləyən Harlandın maddi durumu bir qədər düzəlir. O hətta hüquq kursuna yazılır. Düzdür, bir neçə ay sonra hazırlıqlar onu bezdirir. Bundan sonra o, şansını sığorta agenti, mebeldaşıyan kimi sınayır. Nəhayət, 40 yaşında H.Sanders özü özünə illərin hesabatını verir. Məlum olur ki, 10 yaşından iş dünyasına atılsa da, nə evi, nə daimi işi, nə də kənarda bir qəpiyi var. 1930-cu ildə Kentukki ştatının Korbin şəhərinə köçür və avtomobil təmirxanası açır. Avtoservisi ona normal gəlir gətirməyə başlayır. Müştərilərin çoxaldığını gördükdə təmirxananın otaqlarından birində yeməkxana açır. Cəmi 1 stol və 6 stulu olan yeməkxananın menyüsünü 11 növ ədviyyatla qızardılmış toyuqlar təşkil edirdi. Bu toyuqları Harland özü evinin mətbəxində hazırlayırdı. Tezliklə yeməkxana “Harland Sandersin Kentukki qızardılmış toyuqları” adı altında bütün Kentukki ərazisində məşhurlaşır. H. Sandersin avtoservisinin gəliri birə beş artır. 1935-ci ildə qubernator ona “Kentuk polkovniki” titulunu verir. Həyatında ilk dəfə o gördüyü işdən razı qalır. Amma xoş günlərin ömrü uzun olmur. Magistral yolda təmirlə əlaqədar ətrafdakı bütün obyektləri sökməyə başladıqda müştəriləri azalmağa başlayır. 65 yaşlı Harlandın qolu-qanadı yanına düşür. Harland yenə evsiz, işsiz, pulsuz qalır. Dövlətdən aldığı 105 dollar pensiya ilə dolana bilməyəcəyini anlayır. Bu zaman o, məşhur reseptini restoranlara təklif etməyi qərara alır. Çamadanını toplayır və “mən toyuğu sizdən yaxşı qızardıram” şüarı ilə sükanın arxasına keçir, Amerikanı qarış-qarış dolaşır. Beləliklə, məşhur  "Kentuсky Fried Chicken" (KFC) yaranır.
 
İlk sifarişçini tapmaq Harlanda elə də asan başa gəlmir. Hər satılmış toyuqdan 5% gəlir istəyən H.Sanders  1008-ə yaxın restorana müraciət edir. Amma hər dəfəsində rədd cavabı alır. Buna baxmayaraq,  öz reseptinin uğur qazanacağına inanır. Nəhayət, 1009-cu cəhdi uğurlu nəticələnir. Getdikcə “Kentuсky Fried Chicken” nin sifarişləri artır. 1950-ci ildə ABŞ və Kanada daxil olmaqla yüzlərlə restoran onun müştərisinə çevrilir.
 
70 yaşında milyoner olur
Kim deyirsə insan böyük pullarını 35 yaşına qədər qazanır, inanmayın. Heç də həmişə belə olmur. Bəzən uğur  insana gec gəlir. Harland Sandersdə olduğu kimi. 70 yaşı olanda o, milyonerə çevrilir. Amerika və Kanadada 600-dən çox "KFC franchise" restoranına sahib olur. Harland şəxsən marketinqlə məşğul olur, yaratdığı məhsulun françizini satır. 1964-cü ildə Amerika şirkətindəki hissələrini 2 milyon dollar qarşılığında bir qrup sərmayəçiyə satır. Razılaşmaya Kanadadakı restoranlar daxil edilmir. Yeni sahiblərinin sayəsində “Kentucky Fried Chicken” şirkəti sürətlə böyüyür. 1966-cı ildə xalqa açıq elan edilir. 1969-cu ildə Nyu-York Daşınan Qiymətlər Birjasında siyahıya daxil olur. 1986-cı ildə “PepsiCo, Inc.” tərəfindən satın alınır. 1997-ci ildə, "PepsiCo, Inc."in digər sürətli xidmət restoranlarını bir müstəqil restoran şirkətinin damı altında yığaraq "Tricon Qlobal Restaurants, Inc."ı qurur. Bu gün restoran şirkətinin (artıq "YUM! Brands Inc." adı altında) 110 ölkədə 35.000-dən çox şöbəsi var.
 
11 otun qarışığından resept
12 milyon müştəriyə ildə 4,5 milyarddan çox toyuq parçası satan KFC-nin məşhur 11 otun qarışığı resepti sirr sayılır. Əslində "polkovnik"in özündən başlayan bu ənənə hələ də davam edir. Harland “Kentucky Fried Chicken”nin reseptini gizli saxlamaq üçün daim ədviyyat qarışığını üstündə gəzdirirdi. Yaradıcı reseptinin sirrini necə qoruması haqda belə deyirdi: “Klaudiya həm qablaşdırıcı idi, həm də anbarın rəhbəri. Anbar isə bizim qarajda yerləşirdi. Mən Amerikanı dolaşanda Klaudiya məndən sifariş alırdı. Hər gün o qarışığı kağız torbalara qablaşdıraraq qatarla mənə göndərirdi”. Bu gün 11 otun qarışığı olan həmin resept şirkətin Lusivilledəki mərkəzi ofisinin seyfində 2 metr qalınlığında divarları olan kameralarla dolu otaqda, 2 fərqli açarı, 2 fərqli PİN şifrəsi olan məkanda saxlanılır. Sadəcə bir ovuc insan dəyəri milyon dollarla ölçülən bu reseptdən xəbərdardır. Onlar da bu haqda danışmamaq barədə öhdəlik götürüblər. Bundan əlavə, reseptin sirri bir neçə formada qorunur. Ədviyyat istehsalçısı olan bir şirkət formulu qarışdıraraq təqdim etdiyi reseptin bir hissəsini özündə saxlayır, o biri şirkət isə başqasını. Qarışığın keyfiyyətinə zəmanət kompüter sistemi ilə başa çatdırılır.
 
Bu düsturun necə ortaya çıxmasına gəlincə, yemək bişirməyi sevən polkovnik H.Sanders hər zaman dəyişik dad kombinasiyaları edirdi. Toyuğu 10 cür bitki və ədviyyatlı unla qarışdıraraq qızardırdı. Bir bazar günü turistlər üçün toyuq hazırlayarkən qarışığına on birinci xammalı da qatır. Ortaya çıxan bənzərsiz ləzzətlə bağlı bunları deyir:
 
"Tapdığım o 11-ci qarışıq sayəsində indiyə qədər yediyim ən ləzzətli toyuğu əldə etdim".
 
Harland Sanders dünyaya səfil kimi gəlib, milyoner kimi ölür
Harland Sanders varlandıqdan sonra kübar cəmiyyətə daxil olur. Hətta masonluğa belə başlayır. "Scottish Rite" (Şotlandiyanın Qədim və Qəbul edilmiş Nizamnaməsi) mason təşkilatında 33-cü dərəcəyə qədər yüksəlir. Qeyd edək ki, "Scottish Rite" azad masonların "irəli dərəcələr ya da fəlsəfi dərəcələr" adı verdikləri mason düşüncə sistemidir. 33-cü dərəcə Hakim Böyük Ümumi Müfəttişi deməkdir. 1950-ci ildə H.Sanders özünə imic müəyyənləşdirir. Bığını və saqqalını uzadır. Aristokratlara xas ağ kostyum geyməyə başlayır. O, ictimai yerlərə başqa imicdə getmirdi. 1980-ci ildə həkimlər Harlandda leykozun kəskin formasını qeydə alırlar. Çox keçmir ki, o,  leykozdan vəfat edir. Özünün məşhur ağ kostyumunda və qara nazik qalstukunda basdırılır.
 
Leyla Əliyeva
  

ŞƏRH YAZIN