Şirkətinin biznes-planını təyyarədə dizləri üstündə cızdı, 50 milyarda sahibləndi.

0
6019
Şirkətinin biznes-planını təyyarədə dizləri üstündə cızdı, 50 milyarda sahibləndi.

O ən böyük internet-mağazanın sahibidir. Bir ildə gəlirlərini 16 milyon dollar artırıb. Hazırda 50 milyard dollara yaxın sərvətə malikdir. Bir zamanlar 12, hazırda isə 88 min işçisi var. Söhbət Ceff Bezosdan gedir.

Fermada işləyib

Ceff Bezos /Cefri Preston/ 1964-cü il yanvarın 12-də Nyu-Meksiko ştatında anadan olub. Onun ana tərəfdən qohumları Texas ştatının ilk sakinlərindəndirlər. Ceffin 4 yaşı olanda anası atasından boşanıb və kubalı miqranta ərə gedib. Ceff 10 yaşına qədər atasının doğma olmadığını bilmirdi. Dediyinə görə, bu faktı öyrəndikdən sonra həyatında nəsə dəyişməyib: “Əsas odur ki, mən ona həqiqi atam kimi yanaşıram. Bioloji atam olmadığını ancaq tibbi sənədləri doldurarkən xatırlayıram”.

Uşaqlığını Texasda baba və nənəsinin yanında fermada keçirən Ceff orada da boş dayanmırdı, təsərrüfat işləri ilə məşğul olurdu. Eləcə də “U.S. Atomic Energy Commission”un regional direktoru olan babasından həyat dərsləri alırdı.

Uşaqlar üçün düşərgə yaradıb

12 yaşı olanda o, “Talantı necə oyatmaq olar: Valideynlərin istedadlı uşağın təlim-tərbiyəsinə baxışı” adlı kitabın qəhrəmanı olub. Kitabda Bezos Tim adı ilə təqdim olunurdu. Balaca fermer getdikcə texnikaya maraq göstərməyə başlayır. Öz otağının altını-üstünə çevirən Bezosa valideynləri heç nədə mane olmurdular. Bunun da öz səbəbləri var idi. Əvvəla, hər ikisi çox məşğul idilər. Belə ki, ər və arvad həm bankda işləyir, həm də təhsil alırdılar. İkincisi, bu vəziyyət onların da ürəyincə idi. Çünki Ceffə tez-tez ”sən artıq böyüksən, gələcəyimizlə bağlı bütün ümidlərimiz sənədir” deyə xatırlatmaqla uşaqda özünə inamı artırırdılar. Bu, istənilən nəticəni verir də. Qəhrəmanımız yay tətillərində işləməyə, pul qazanmağa  başlayır. İlk iş yeri “McDonalds” olur. Amma iş ona xoş gəlmir. Növbəti tətili daha səmərəli keçirməyi qərara alır. Rəfiqəsi ilə birlikdə uşaqlar üçün təhsil düşərgəsi yaradır. “Dream İnstitute” – “Arzular institutu” adlanan düşərgədə bir yerin qiyməti 600 dollar təşkil edirdi.  

Universitet illəri

Məktəbi bitirəndən sonra isə Ceff Bezos Prinqston Universitetinə daxil olur. Əvvəlcə fizika fakültəsində təhsil alır. 6 aydan sonra Ceffri görür ki, qrupda fizikanı hamı ondan daha yaxşı bilir. Qərara gəlir ki, bu sahə onluq deyil və fakültəsini elektron mühəndislik - kompüter texnologiyalarına dəyişir. 22 yaşında ali məktəbi yüksək göstəricilərlə başa vurur. Müxtəlif şirkətlərdən iş təklifi alır. Firmalar - İBM, "Dell", "İntel" Ceff uğrunda əməlli rəqabətə başlayır. Bezos “Fitel”də işə düzəlir. 2 ildən sonra 20-ci əsrin əvvəlində ABŞ-ın ən böyük banklarından olan “Bankers Trus”a transfer olur. Bu zaman onun 26 yaşı var idi. Bezos 1990-cı ildə “D. E. Shaw & Co” şirkətində vitse-prezident işləməyə başlayır. Burada həyat yoldaşı Makkenzi Tuttlelayla tanış olur. Qeyd edək ki, Makkenzi onun köməkçisi idi.

“Amazon” ilk əvvəl  “kadabra.com” imiş

Bezos öz işini 1994-cü ildə qurur. Onun internet mağazasını necə yaratması haqqında müxtəlif versiyalar irəli sürülür. Bəzi faktlara görə, Ceff  “Amazon.com”un biznes-planını təyyarədə dizləri üstə hazırlayb, bəzi faktlara görə isə, internet mağazanı məhz zirzəmisində yığılıb qalmış kitabları satmaq üçün yaradıb. Daha bir versiya da  “D. E. Shaw & Co”ya internetlə satış biznesinə daxil olmağı təklif etməsi, lakin rədd cavabı almasıdır.

O da bəllidir ki,  Bezoz biznesini 300 min dollar sərmayə ilə qarajda qurub. Saytın ilk adı "kadabra.com" olub və  əsas fəaliyyəti kitab satmaq imiş. Bu arada saytın adını Ceff uşaq yaşından bəyəndiyi "Abra-kadabra" sözündən götürür. İlk sifarişlərini isə internetlə yox, telefon və ya faksla qəbul edir. İlk vaxtlarda cəmi 12 işçisi var idi.

“Amazon” çayından bəhrələnib

Müəyyən müddət sonra "kadabra" adı Ceffə uğursuz görünür. İnternet-mağazanın adını Amazon çayının şərəfinə “Amazon.com” qoymağı qərara alır. Düşünür, bu ad ona ruzi gətirəcək. Hissi onu yanıltmır. Kitabların qiymətləri adi dükandakı eyni malın dəyərindən ucuz olduğundan sifarişlərin ardı-arası kəsilmir. Sifarişlər o qədər artır ki, Ceff Bezos da dizlərini yerə qoyub qablaşdırmada işçilərinə kömək edir. Artıq 1997-ci ildə “Amazon” ABŞ-ın 50 ştatına, eləcə də dünyanın 160 ölkəsinə kitab çatdırır. İnternet mağazanın illik dövriyyəsi  140 milyon dollar yüksəlir. Hətta Amerikanın ən böyük kitab satışı zənciri sayılan “Borders” “Amazon”la rəqabətə dözməyərək iflas edir. 2000-ci ilin əvvəlində isə “Amazon” vasitəsilə ayaqqabı, geyim, aksessuar, texnika və demək olar ki, hər şey satılmağa başlanır.

Ceffri Bezos internet ticarətdə bir çox ilklərə imza atıb 

Naşirlər etiraz etsə də, məhz o, alıcıların rəylərini ilk dərc edən biznesmendir. Bu gün Bezosun nümunəsindən internet-ticarətlə məşğul olanların əksəriyyəti istifadə edir. Yəni Bezos, faktiki olaraq, müasir internet-servislərin atasıdır. Onun son ideyası olan “Kindle Fire”la ("Amazon"un kitab oxumaq tableti) kitabçılıq sektorunda yeni dövr yaradıb. 

İş adamının digər layihələri

2000-ci ildə o, “Blue Origin” şirkətini maliyyələşdirir. 2013-cü ildə isə Graham ailəsindən 80 il sahib olduqları məşhur “The Washington Post” nəşriyyat evini 250 milyon dollara satın alır. Milyarderin əsas gəlir mənbəyi isə "Amazon.com"-dur. 2013-cü ildə şirkətin dövriyyəsi 74,452 milyard dollar təşkil edib. Əməliyyat gəliri 745 milyon dollar, xalis gəliri 274 milyon dollat olub. 2014-cü ilin fevralına şirkətin kapitalizasiyası 163 milyard dollar təşkil edib. İşçilərin sayı 88.400 nəfər olub. “Amazon” həmçinin Alexa.com, a9.com, 43things.com, Audible.com, IMDb ve Twitch.tv şirkətlərinin sahibidir.

50 milyard dollar sərvəti var

Ceff Bezos Amerikanın varlı sakinlərindən biri sayılır. Sərvətinin həcmi 49,8 milyard dollardır. İş adamı bir ildə sərvətini 16 milyon dollar artırıb. Bezos evlidir, 4 övladı var.

 

Leyla Əliyeva

ŞƏRH YAZIN