Uşaqlıqdan Öyrədin Ki...

0
2036
Uşaqlıqdan Öyrədin Ki...

Bəzi məsələlər var ki, onlar lap uşaqlıqdan aşılanmalıdır. Çünki, sonradan öyrədilməsi çətin məsələdir. Söhbət, təbii ki, həyatımızın vazkeçilməz ünsürlərindən olan ədəb və nəzakət qaydalarının təbliğindən gedir. Uşaqların təhsili kimi, onların ədəb qaydalarına yiyələnmələrini də vaxtında nəzərə almalıyıq. Əgər bütün bunlara təməldən başlanmazsa, gələcəkdə iş həyatından tutmuş, cəmiyyətdə oturuşmuş qaydalara qədər insanlara hörmət etməyən bir nəsil yetişəcək. Keçək konkret məqamlara.

Elm öyrətmək

Uşaqların zirək olmaları vacibdir. Amma bu, belə deyək, öz-özünə formalaşmır, valideynlər bu məsələdə uşaqlara yol göstərməli, dəstək olmalıdırlar, onlara yol açmalıdırlar. Əgər uşaq ağıllı və tərbiyəlidirsə, bundan, ilk növbədə, valideynlər sevinirlərsə, əksi olanda da ilk təəssüflənən də valideynlər olurlar. Deməli, uşağın elə uşaq vaxtlarında elmə yönəldilməsinin məsuliyyəti də valideynlərin üzərinə düşür...

İcazə istəmə ədəbi

Valideynlər bir çox hallarda övladlarına sərt qadağalar qoyurlar. Hərdən bu qadağalar yersiz də olur. Yersiz və ya başa salınmadan tətbiq edilən qadağalar uşaqları bezdirir və onlar bəzən buna əməl etmirlər. Buna görə də uşaqlarda icazə istəmək tərbiyəsi formalaşdırmaq vacibdir. İcazə istəmə bir ədəbdir və bunu uşağa aşılamaq lazımdır.

Böyüklərə qarşı sevgi və nəzakət

Ana və ata, baba və nənə üçün tətbiq edilən ədəb qaydaları eynilə, digər böyüklərə də şamil olunmalıdır. Bunun üçün uşaqları başa salmaq lazımdır. Biz öz övladlarımıza digər böyüklərə qarşı sevgi və nəzakət hissini aşıladığımız kimi, başqaları da öz övladlarına bizə qarşı sevgi və nəzakət hissini aşılamalıdırlar. Ancaq biz başqasını gözləməməli, ilk olaraq, öz ailəmizdən başlamalıyıq...

Xəbərçilik etmək olmaz

İnsanlar arasında incikliyə və fitnəyə səbəb olacaq sözləri başqalarına çatdırmaq, el dilində desək, xəbərçilik dinimizə görə haramdır. Peyğəmbərimiz (s.ə.s) belə buyurub: “Kim bir mömini bir münafiqə (qeybətçiyə) qarşı qoruyarsa, Allah da onun üçün qiyamət günü vücudunu cəhənnəm odundan qoruyacaq bir mələk göndərər”. Bəli, yalan danışmaq, qeybət etmək, şər atmaq, xəbərçilik bütün hallarda cəmiyyətimizdə xoş qarşılanmır və hər kəs bunu edən insanlara hörmətlə baxmır. Əksinə, hər kəs hətta üzünə deməsə belə, bu insana ikrah hissi ilə baxar, yardım göstərməz, ondan uzaq olmağa çalışar, etibar etməz və s. Dolayısı ilə gələcəkdə belə bir insan olmaması üçün övaladımızı uşaq vaxtlarından başa salmalı, tərbiyə etməliyik. Təbii ki, bütün bu mənfi cəhətlər uşağa onun öz dünyagörüşünə uyğun, öz dilində başa salınmalıdır...

Salam vermək

Bəzən hətta böyüklər arasında da salam verməklə arası olmayanlara rast gəlinir. Azərbaycan cəmiyyətində salam verməklə arası olmayan insanlara da münasibət xoş deyil. Hətta bəzi insanlar belələrinə qarşı səbrsiz davranar və bunu mənfi cəhət kimi onların üzlərinə deyərlər. Əgər siz də öz övladınızın belə insanlardan biri olmasını istəmirsinizsə, o zaman uşaqlıqdan “salam vermə nədir”, “nə üçündür”, anlamı nədir və s. mövzularda uşaqlarınızı başa salın, üstün yönlərini izah edin. Allah (cc) buyurur: “Salam aldığınız zaman daha gözəl bir salam ilə qarşılıq verin, ya da (ən azından) eynisi kimi. Şübhəsiz, Allah hər şeyin hesabını tutmaqdadır”.

Qohum və xəstə ziyarətləri

Ana və ata başda olmaqla, qohum-əqrəba və yaxınları ziyarət etmə, onların keflərini və xətirlərini soruşma, könüllərini alma olduqca önəmlidir. Bir nəfər Hz. Peyğəmbərin (s.ə.s) yanına gələrək deyir: “Ya Rəsulullah, məni cənnətə salacaq bir ibadət söyləyərsənmi?” Rəsulullah (s.ə.s) ona bu cavabı verir: “Allaha ibadət et, təkliyinə inan, namaz qıl, gücün yetirsə zəkat ver və qohum-əqrəbalarını ziyarət et”.

Uşaqların təlim-tərbiyəsində qohumları ziyarət məsələsinə də ciddi yanaşmaq lazımdır. Təbii ki, bu məsələdə ən yaxşı tərbiyə övladlarımıza örnək olmaqdır.

Təmizlik mədəniyyəti

Belə bir fikir var: evini təmiz saxla, qəfil qonağın gələr, özünü təmiz saxla, qəfil ölümün gələr. Bəli, geyimindən, vəzifəsindən, cinsindən, maddi vəziyyətindən asılı olmayaraq, təmizliyinə fikir verən, diqqət edən hər bir insana cəmiyyətimizdə böyük hörmət, sevgi var. Təmizliyinə, səliqə-səhmanına fikir verən adam içəri girəndə insanın ürəyi açılır, könlü xoş olur. Təmizliyinə, səliqəsinə fikir verən adamın danışığı da adama xoş gəlir. Əgər biz də övladlarımızın belə insan olmasını istəyiriksə, onda onları bu ruhda tərbiyə etməliyik.

Yalan söyləməmək

Düzgünlük sözdə, düşüncədə və davranışda gerçəkləşir. Evdə, işdə, küçədə, dost-tanış arasında yalan danışmayan insanlara böyük hörmət olur. Yalan söyləməyəcəyinə inandığın insana etibar da edirsən, hörmət də edirsən. Cəmiyyət o vaxt zay olur ki, orada yalan danışanların sayı da çox olur. Belə bir fikir də var: qaranlıqdan şikayətlənmə, bir şam da sən yandır. Bu yolda birinci şam yandırmaq özümüzün yalan söyləməməyimizdirsə, ikinci şam yandırmaq övladlarımızı bu ruhda tərbiyə etməyimizdir...

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN