Zaman Axıb Gedir ...

0
3714
Zaman Axıb Gedir ...

Sizə bir sual. Zamanını doğru idarə edə bilirsənmi? Bəziləri "bunun üçün bütün gücümü səfərbər edirəm" deyir, bəziləri "vaxt haradan gəlir, hara gedir heç bilmirəm" deyir, bəziləri də "heç bir işimi çatdırmıram".

Əlbəttə ki, müvəffəqiyyətə gedən yol müəyyən zaman kəsiyindən keçir. Zaman isə heç vaxt lövbər salmayan gəmiyə bənzəyir. Onu saxlamaq, geriyə döndərmək mümkün deyil. Lakin ağılla idarə etmək olar.

Səhər oyanarkən axşamacan qarşımızda bir zaman kəsiyinin olduğunu zənn edirik və bir çox işlər planlaşdırırıq. Ancaq gün başa çatanda bu işlərin çox az bir hissəsini həyata keçirdiyimizin fərqinə varırıq. Vaxtın belə sürətlə ötüb keçməsinə heyrət edir, mənasız keçirdiyimiz saatlara heyfslənirik.

Zaman qum saatı kimi axıb gedir. Onun idarə olunmasında ən böyük məharət indini əldən verməməkdir. Odur ki, "Bu günün işini sabaha qoyma" atalar sözünü "Axşamın xeyrindən sabahın şəri yaxşıdır" kəlamından üstün tutun. Yəqin ki, böyüklərimizdən "İndiki ağlım olsaydı" kəlməsini eşitmişik. Bu vəziyyətə düşməmək üçün zamandan maksimum səmərəli istifadə etmək lazımdır.

Zamanı idarə etməyi bacaran insan məqsədə doğru yolunu planlaşdıran və bunun üçün lazım olan zamanı ayırmağı bacaran insandır. Planlaşdırdığınız iş ona ayrılan zamana uyğun olmalıdır. Həm işin çətinliyini, həm də öz fiziki və əqli imkanlarınızı nəzərə almalısınız.

"Filankəs bu işi filan vaxta görür, mən də bu qədər vaxt ayırım." demək olmaz.

İş və zaman nisbətini müəyyən edərkən işin keyfiyyətini əsas götürməlisiniz. Günlük işlərimizdə də bu prinsipi əsas tutmaq lazımdır. İki oxşar işi ardıcıl görmək düzgün deyil. Çətin işləri əvvələ salıb sevdiyiniz və asan işləri yorğun vaxtınıza saxlasanız, vaxtınızdan səmərəli istifadə etmiş olacaqsınız. Fasiləsiz uzun müddət işləmək də düzgün deyil.

Bəzən vaxt azlığından şikayətlənirsiniz. Lakin vaxtı sizdən oğurlayanlar var. Geriyə dönüb baxsanız, vaxt oğrularını özünüz də görə bilərsiniz: faydasız televiziya verilişlərinə baxmaq, lazımsız məşğuliyyətlər, internet vasitəsilə sosial şəbəkələrdə keçirilən hədər zaman və s. Hər halda bu işlərə faydalı əməkdən sonra sizi əyləndirən, ovqatınızı yüksəldən bir mükafat kimi baxsanız, daha yaxşı olar. Ancaq bu məşğuliyyətlərə ciddi bir məhdudiyyət qoyun, vaxt bitdikdən sonra ondan ayrılın.

Vaxt oğrularından biri də yuxudur. Alimlər hesablamışlar ki, 80 il ömrü olan insan gündə orta hesabla 7 saat yatırsa, ömründən 23 il 4 ay oğurlayır.

İlk baxışda planlı həyat tərzi sizə cansıxıcı görünə bilər. Ancaq nizamlı bir həyat tərzinə uyğunlaşmağa çalışsanız, qısa müddət ərzində bunun faydasını hiss edəcəksiniz. Planla iş görsəniz, işləriniz üst-üstə düşməz və yığılıb qalmaz. Beləcə nə vaxt dincəlib, nə vaxt işlərinizlə məşğul olacağınızı və nə vaxt əylənəcəyinizi biləcək, hər şeyə zaman ayıracaqsınız.

Zamandan düzgün istifadə qətiyyən ifrat dərəcədə çalışmaq, özünüzü sosial həyatdan ayırmaq, televiziyadan imtina etmək deyil. Zamanı düzgün idarə etmək onun yüyənini əlinə alıb səmərəli çalışmaqdır.

Bir dəfə məşhur caz ustası Lui Armstronqu məşhur fizik, Nobel mükafatı laureatı Nills Borla tanış etdilər. Onlar müəyyən müddət bir yerdə vaxt keçirməli oldular. Armstronq fizikə şeypurda çalmağı öyrədir, Bor da öz növbəsində onu atomun parçalanma üsulları ilə tanış edir.

- Biz vaxtımızı çox səmərəli keçirdik - deyə Armstronq jurnalistlərə danışdı - İndi onun caz, mənim isə atom haqqında müəyyən məlumatım var.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN