Nə Olursa Olsun İnsan Dürüst Olmaqdan Yayınmamalıdır.

0
5432
Nə Olursa Olsun İnsan Dürüst Olmaqdan Yayınmamalıdır.

Bir zamanlar Uzaq Şərqdə artıq yaşlandığını və yerinə keçəcək birini seçməsi lazım olduğunu düşünən İmperator varmış. Köməkçilərindən ya da uşaqlarından birini seçmək yerinə, öz yerinə keçəcək adamı başqa bir yolla seçməyə qərar vermiş. Bir gün ölkəsindəki bütün gəncləri çağırmış və:

 -Artıq taxtdan enib bir imperator seçmə vaxtı gəldi. Sizlərdən birini seçməyə qərar verdim.

Gənclər təəccüblənmişlər, ancaq o davam etdirmiş:

-Bu gün hamınıza bir toxum verəcəyəm. Bir tək toxum... Amma gözəl bir toxum. Evlərinizə gedib onu əkməyinizi, sulayıb böyütməyinizi istəyirəm. Tam bir il sonra böyütdüyünüz o toxumla bura gələcəksiniz. Yetişdirdiyiniz o toxuma görə qiymətləndirib birinizi İmperator seçəcəyəm.

Saraya çağırılan gənclərin arasında Ling adında biri də varmış. O da digərləri kimi toxumunu almış. Evinə gedib həyəcanla hadisəni anasına izah etmiş. Anası bir saxsı və bir az torpaq tapıb, onun toxumunu əkməsinə kömək etmiş. Sonra birlikdə diqqətlə sulamışlar. Hər gün sulayıb böyüməsini gözləyirlərmiş.

Kifayət qədər vaxt keçdikdən sonra digər gənclər toxumlarının  nə qədər böyüdüyündən danışarkən, Ling məyus bir halda öz toxumunda heç bir dəyişiklik olmadığını görürmüş. Üç həftə, dörd-beş həftə keçmiş. Hələ heç bir inkişaf yoxmuş. Digərləri yetişən bitkilərdən danışarkən Ling çox kədərlənirmiş. İmperatorun onu bacarıqsız bilməsinə görə çox narahat imiş.

Yoldaşlarına da heç bir şey demir, səbrlə gözləyirmiş. Sonunda bir il tamam bitmiş və gənclərin yetişdirdikləri bitkiləri imperatorun hüzuruna aparacaqları gün gəlib çatmış. Ling, anasına boş saxsını apara bilməyəcəyini söyləyincə anası ona cəsarət verib, saxsısını aparıb dürüst bir şəkildə olanları imperatora izah etməsini istəyib. Ling bunu istəməsə də anasının sözünü tutmuş və boş saxsıyla saraya getmiş.

Saraya çatanda yoldaşlarının yetişdirdiyi bitkilərin gözəllikləri qarşısında heyrətə gəlmiş. Sonra imperator gəlmiş və bütün gəncləri salamlamış. Ling arxalarda gizlənməyə çalışırmış.

-Nə Böyük bitkilər, çiçəklər və ağaclar yetişdirmişsiniz. Bu gün biriniz İmperator olacaq. Birdən arxada əlində boş saxsıyla Lingi görmüş. Dərhal gözətçilərinə onu ön tərəfə gətirmələrini əmr etmiş. Ling çox qorxmuş, “Deyəsən bacarıqsızlığıma görə məni öldürə bilər” deyə düşünmüş.

Ling ön tərəfə gəldikdə imperator adını soruşmuş:

-Adım Ling ... digər gənclər gülüb lağ etməyə başlamışlar. Amma imperator susdurmuş.

Lingin əlindəki saxsıya diqqətli baxıb kütləyə doğru dönmüş:

-Yeni İmperatorunuzu salamlayın. Adı Ling  - demiş. Ling inanmamış, necə ola bilər ki, toxumu cücərmədiyi halda .. İmperator davam etmiş. Bir il əvvəl burada hər kəsə bir toxum verdim, siz əkib, sulayıb bir il sonra gətirəcəkdiniz. Amma hamınıza qaynamış toxum vermişdim, əsla böyüməz, Ling xaricində hər kəs ağaclar, bitkilər, çiçəklər gətirdi.

Çünki toxumun böyümədiyini anlayınca hamınız bir başqa toxumla dəyişdirdiniz. Yalnız Ling mənim verdiyim toxumu boş saxsıyla gətirmə cəsarəti və dürüstlüyünü göstərdi. İstədiyi reallaşmayınca ümidsizliyə qapıldı amma dürüstlüyündən imtina etmədi. Onun üçün İmparatorunuz o olacaq...


Tərcümə etdi: Aytən İsmayılova

ŞƏRH YAZIN