Boşanma zamanı uşaqlarla necə davranmalı?

0
4480
Boşanma zamanı uşaqlarla necə davranmalı?

 Bəzən ailədaxili mübahisələrdə və boşanma ərəfələrində valideynlər uşaqlara tərəf tutmağı öyrədir. Amma psixoloqlar deyir ki, bu düzgün deyil. Əgər uşaq valideynlərdən birinin tərəfini tutarsa, ana və ata arasında soyuqluq yarana bilər. Bu isə uşağın özünü günahkar hiss etməsinə yol açaraq psixologiyasına mənfi təsir edər. Psixoloqlar bu zaman uşaqlarla nə cür davranmağın yollarını sizə məsləhət görür.


Boşanmadan əvvəl uşaq, valideynlərinin mübahisə etdiyinin şahidi ola, ya da olmaya bilər. Bəzi valideynlər bu şəkildə uşaqlarını qoruduqlarını düşünürlər. Halbuki uşaqlar baş verən hadisələrin səbəbini axtarırlar. Boşanmadan əvvəl heç bir mübahisə olmayıbsa, ana və atanın niyə ayrıldığını heç cürə qavraya bilmirlər. Hətta məktəbəqədər yaşda olan uşaqlar heç bir problem müşahidə etməyibsə, səbəbi özündə görməyə başlayır. 

Həmçinin ana və ata arasında gərginlik, söz-söhbət, dava-dalaş da uşağın psixologiyasına mənfi təsir edir. Belə ki, bu cür hadisələr uşaqların hafizlərində ağır izlər qoyur. Çünki uşağın ən təhlükəsiz, isti yuvası dağılır. Bu da uşağı qorxudur.

Başına nələrin gələcəyindən xəbərsiz olduğu üçün özünü narahat hiss edir. Nəticə etibarı ilə nə sakit-səssiz, nə də ki, dava-dalaşla bitən boşanmalar uşaqların xeyrinə işləmir. Uşaqlar ana və ata arasında problem olduğunu bildikdən sonra onların boşanmalarını daha anlayışla qarşılaya bilər.

Boşanma xəbəri uşağa nə zaman verilməlidir?

Ana və ata, boşanmaya qəti verməyənə qədər uşaqla bu barədə danışmamalıdır.

Boşanma xəbəri uşağa necə verilməli?

Ana və ataların ən çox çətinlik çəkdiyi an bu xəbəri uşağa deməkdir. Birlikdə, yoxsa ayrı-ayrılıqda demək daha məqsədəuyğundur? Təəssüf ki, pis xəbəri yaxşı formada çatdırmağın qaydası yoxdur. 

Buna görə də uşağın qəlbinə toxunmadan boşanma xəbərini deməyin bir qaydasını axtarmaq faydasızdır. Sadəcə uşağın bu işdə günahsız olduğunu hiss etdirməyiniz lazımdır. Bundan sonra ona nələr olacağını danışaraq hazırlayın. Ana və ata niyə boşandıqlarının səbəblərini detallarına qədər danışmamalı və bir-birini pisləyən sözlər işlətməməlidirlər. 

Daha sonra kimin harada yaşayacağını, nə qədər müddətdən bir görüşəcəklərini izah etməlidirlər. Uşağın sual verməsinə icazə verməli, suallara onun başa düşə biləcəyi tərzdə cavab verilməlidir. 

Uşaq bu xəbəri çox pis qarşılayıb və ağlayırsa, sakitləşməsi üçün müzakirəni başqa günə keçirmək lazımdır. Lakin onun hələ də ana və atası olmağa davam edəcəklərini, ayrı evlərdə yaşasalar da, bunun heç dəyişməyəcəyini söyləməyi unutmayın.

Uşaq nə hiss edir?

Ana və atası boşanan uşağın ən böyük problemi, tərk edilmə qorxusudur. Evdən gedən tərəfin onu unudacağını, daha sevməyəcəyini zənn edir. Bu hal isə uşağın özünə olan inamı sarsıdır. Bəzi uşaqlar analarını yola gedə bilmədikləri üçün günahlandırır, bəziləri isə onları yenidən barışdırmaq üçün əlindən gələni edir. 

Kədərli olduqları üçün günahkar axtarırlar. Uşaqlar adətən evdən gedən, ya da mübahisələrdə ən aqressiv tərəfi günahlandırırlar. Məktəbəqədər yaşındakılar özünü günahkar bilir, 6-8 yaşındakılar kədərli, 8-9 yaşında uşaqlar isə qəzəbli olurlar. Yetkinlik yaşına çatan uşaqlar isə boşanmanı daha tez qavrayırlar. Çünki nəyin niyə baş verdiyini daha yaxşı bilirlər.

Hər yaşdakı uşaqlar bir müddət hirsli ola, ya da ki, xəstə kimi davrana bilərlər. Belə zamanlarda onları cəzalandırmaq yerinə, qayğı göstərin.

Həyatınızda bir çox şey dəyişəcək. Bunları anlaya bilmələri üçün onlarla şəfqətli, amma ciddi şəkildə davranmalısınız.

Ayrıldıqdan sonra həyat yoldaşınızdan qisas almaq üçün uşağı görməyi qadağan etməməlisiniz.

Həyat yoldaşınız nə qədər pis olsa da, onu qətiyyən uşağın yanında pisləməyin. Onu tənqid etmək uşağın gözündən salacaq və sevdiyi birini sevməməyə məcbur olacaq.

Ata, yaxud ananın uşağı mütəmadi olaraq ziyarət etməsi üçün dəqiq vaxtların olması çox vacibdir. Uşağın özünü tərk edilmiş və sevilməyən hiss etməməsi üçün valideyinin onu hansı vaxtlar görməyə gələcəyini bilməyi lazımdır. Ancaq o zaman özünü dəyərli hiss edər.

Ayrı yaşayan valideynin uşaqla nə qədər görüşməsindən çox, vaxtı nə cür səmərəli keçirməsi vacibdir. Az görüşsə belə, uşaq ana və atası üçün nə qədər dəyərli olduğunu hiss etməlidir.

Onunla hər görüşdüyünüzdə özəl şeylər etməyə gərək yoxdur.

Görüş adi keçsə də, əsas birlikdə olmaqdır. Ona hədiyyələr alaraq günahınızı yumağa çalışmayın. Uşaq hər iki valideynlə evdə normal və qaydalara əməl edərək yaşamalıdır.

Özünüzü pis hiss eidirsinizsə, bunu onunla paylaşın. Lakin bunu çox acı şəkildə etmək də düzgün deyil.

Uşaqların bir-birindən ayrılması daha dəhşətlidir. Anası və atasının ayrılması, üstəlik uşaqların bir-birindən ayrılması çox çətindir. Buna görə də uşaqları bir-birindən ayırmamaq məsləhət görülür.

Boşanma bəzi uşaqlar üçün daha ağrılı keçə bilər. Özünə qapana, utandığı üçün dostları ilə görünməməyə və evdən çıxmaya bilər. Belə hallarda uşaq psixoloq ilə məsləhətləşmək də fayda var. 

Bəzən də hisslərinə hakim olmayan uşaqlar daha sərt, kəskin reaksiya və ən bəsit şeylərə sinirlənə bilər. Hamıya, hətta özünə zərər verməyə çalışar. Əslində, uşağın belə hallarda hirsini boşaltması normaldır. 

Uşağı susdurmaq üçün verilən cəza onu daha da özünə qapada bilər. Dolayısı ilə qəzəb özünə yönəlir və mən pisəm duyğusu yaranır.

ŞƏRH YAZIN