Mahru Norton: Vacib Böyük Qazanc Deyil, Böyük İdeyadır, Bu İsə Xeyirsiz Ola Bilməz...

0
4428
Mahru Norton: Vacib Böyük Qazanc Deyil, Böyük İdeyadır, Bu İsə Xeyirsiz Ola Bilməz...

 
Çətinlikləri fürsətə çevirmiş şirkətlər və insanlarla ara-sıra rastlaşırıq. Ətrafdakı iqtisadi mühitdən asılı olmayaraq daima resurslardan effektiv istifadə edən, düzgün bazar strategiyası quran və vaxtaşırı bazar araşdırmaları aparan bir şirkət özünün ardıkəsilməz inkişafını təmin edir. Bu tip şirkətlərin bariz nümunələrindən biri də Ness Co. şirkətdir. Şirkətin direktoru, işinin mütəxəssisi, Mahru xanım Norton müsahibəmizdə bizə iş həyatındakı mövqeyindən, çətinlik və uğurlarından bəhs etdi.
 
-Ailə biznesi qurmaq asan iş deyil. Ness Co. -nun təsis edilməsində əsas idea nədən ibarət idi? 
 
- İnsana nəyisə başlamaq çox çətin gəlir, amma məsuliyyəti düzgün paylaşanda yüngülləşir. Ailə biznesini yaratmağın ən çətin tərəfi yaxınlarının sənə inandırmaqdır. Pafoslu olsa da deməliyəm ki, çox vaxt bizə elə gəlir ki, özgələri bizi daha dəyərli və bacarıqlı sayır. Bu belə deyil, özgələri bizim üst qatımızı görürlər, yaxınlarımız isə bizim hər bir zəifliyimizi, güclü tərəflərimizi bilirlər və daha ehtiyatlı yanaşırlar. Ona görə də biz yaxınlarımızın məsləhətini qulaq ardına vurmamalıyıq. Egomuzdansa məntiqimizə qulaq asmalıyıq. Biznesin yaradılmasında ailə üzvlərinin iştirakına gəldikdə isə biz yenə də yaxınlarımızın bizə nə qədər yararlı olacağını bilirik və bu barədə ilkin müddətdə pulsuz-parasız onların köməyindən yararlana bilərik. 
 
-Bəs sizin əsas idea dəstəkçiniz kim olmuşdur?
 
- Mənim bu barədə bəxtim daha çox gətirib. Mənim həyat yoldaşım menecmentdə məndən dəfələrlə çox və uğurlu təcrübəsi olan biridir. Onun hər məsləhəti mənim üçün çox dəyərlidir. Mən impulsiv xarakterə malikəm və ideyalar məni ruhlandırır. Həyat yoldaşım Con ilə bölüşdükdə isə mən daha real şəkilə baxa bilirəm. Onun skeptik sözləri belə mənə vəziyyəti layiqincə qiymətləndirməyə kömək edir. Deyə bilərəm ki, ailə biznesi qurmaq daha maraqlıdır.
 
-Biznesin təşkilində nə kimi problemlər ilə üzləşmisiniz? 
 
-Biznesin təşkili keçmişdə qazandığım təcrübə olub və mən əvvəlcədən hər hansı problemin olacağını bilirdim. Bir də qeyd etməliyəm ki, ən qorxulu problem özümüzün nəyə qadir olduğunu bilməmək və bunun işə nə qədər yararlı olacağını qiymətləndirməməkdir. Operativ cəhətdən ən çətini ilk 10 müştəri portfoliyosunu qazanmaqdır. Köməyə gəldikdə isə bizə çox vaxt gözləmədiyimiz yerdən dəstək olub. Yaxın dostlarımızın həm mənəvi, həm maddi köməyi qiymətsizdir. Məsələn, bankların etimadını qazanana qədər bir müddət çətin ya asan öz investisiyalarımız hesabına inkişaf etməliydik. Bizim xidmətlər intellektual xidmətlər olduğu üçün çoxları işimizin nədən ibarət olduğunu bilmirdi və uğurlu nəticəyə inanmırdılar. Buna baxmayaraq yenə də maddi köməyə ehtiyacımız olanda onlara müraciət edə bilirdik. Mənim ailəm – valideyinlərim, bacılarım və qardaşımın mənə qapalı gözlə inanması isə mənim qarşımda hər hansı bir problemin olacağı ehtimalını sıfıra endirirdi. 
 
-Sizcə uğurlu biznesə sahib olmaq üçün hansı xüsusiyyətlərə malik olmaq lazımdır? Prioritetləriniz nələrdir? 
 
-Uğurlu biznesin ən vacib tələbi - dayanmadan inkişaf, vaxtaşırı analiz və gələcəyə inamdır. Prioritetim insanlara və işə “özümə nə istərdimsə başqalarına da onu rəva bilim”, “ vacib böyük qazanc deyil, böyük ideyadır, bu isə xeyirsiz ola bilməz”
 
-Əsas fəaliyyət sahələrinizdən biri Keyfiyyətə Nəzarətdir. Keyfiyyəti sizə sevdirən cəhətlər nələrdir?
 
-Fəaliyyət sahəmiz biznes məsləhətləri, kadr və mühasibatlıq  xidmətləri, işədüzəltmə və keyfiyyətə nəzarətdir. Gördüyünüz kimi, bütün biznesin keyfiyyətə yönümlülüyü çox vacibdir. Mühasibatlıq, kadr və idarəetmənin ən önəmli cəhəti uzunmüddətli və effektiv yaradıcılıq üçün şirkətin öz inkişafına vacib sahələrin müəyyənləşdirməsidir. Keyfiyyətə nəzarət siyasəti və lazımı hərəkətlər planı çox vacibdir. Deməli, hər bir müəssisənin keyfiyyəti ən mühüm məhfum sayması vacibdir. Keyfiyyət və ona doğru gedən yol çox maraqlı və zəngindir. Mənim buna önəm verməyimin ən əsas səbəbi keyfiyyətə olan tələbin varlığıdır.
 
-Azərbaycandakı biznes mühitini necə xarakterizə edərsiniz? 
 
- Azərbaycanda biznesə yanaşma qəlizdir çünki insanlar ancaq pul olduqda biznesi yaratmaq mümkündür ideyasına inanırlar. Amma kiçik bir işdən başlayıb həmin işi tramplin kimi istifadə etmək əvvəllər mənim ağlıma gəlsədə, yararlanmırdım.  Bu qəlizlik çoxlarını biznes qurmaq istəyindən daşındırıb. Əgər hər hansı bir insan öz qüvvəsi ilə hər hansı işdən yapışırsa, çoxları ona ümidsiz baxır.Azərbaycanın dünyadan gizlənmə prinsipi var və bu insanlara inteqrasiya problemi yaradır. Biz ancaq mal alırıq və onu satırıq (consumer approach),  biz ideya import etmirik, biz intellekti mala və qisamüddətli pula çeviririk. 
 
-Sizcə biznes mühitini daha da inkişaf etdirmək üçün nə kimi addımlar atılmalıdır? 
 
- Biznesın inkişafı şablon olmayan praktiki islahatlarla həyata keçirilməlidir. Əgər  hər hansı sahəni inkişaf etdirmək istəyiriksə oranı yoxlamaq üçün inzibati orqan yaratmaqdansa bu sahəyə uyğun dəstəkləyici addımlar atılmalıdır. Kəndli kəndli olduğuna qiymət verib həvəslə kənddə işləməsi üçün, onun idarəetmə orqanlarına inamı olmalıdır və bu inam onu torpağa bağlayan dəyər ola bilər. Əgər biz biznesimizin bizdən başqa ətrafımıza da xeyir verməyini dövlət tərəfindən qiymətləndirildiyini bilsək, cəmiyyətə daha çox kömək etmək istəyərik. Təəssüf ki, hərə öz başının milçəyini qovur və haradasa dövlət tərəfindən qayğının olduğunu və bu qayğının ünvanının çoxlarına məlum olmayan məxfi yerlərdə gizləndiyinə inanırıq. Bizdə yararlı həmkarlar ittifaqına böyük ehtiyac var. Amma bu velosipedin üçüncü təkəri deyil, inkişaf və qarşılıqlı mübadilə mərkəzi olmalıdır.
 
-Dünyada iqtisadi gerilmələrin getdiyi bir zamanda hərəkət planınız nədən ibarətdir?
 
-Bizim hədəfimiz Azərbaycanda təhsil, kadr dövriyyəsinə təsir edəcək böyük layihələrdə iştirak etmək üçün təcrübə və güc toplamaqdır. Düzdür, bizim satışa, marketinqə verdiyimiz diqqət bizi populyar edə bilər amma uzunmüddətli və lazımlı olmağa təminat verə bilməz. Bunun üçün biz ideya və inkişaf mərkəzinə çevrilmək istəyirik. 
 
-Sizə ilham verən, ruhlandıran, idealınız sayıla biləcək biri varmı?
 
-Mənim ömürlük idealım Margaret Tetçerdir. İlham verən biri məhşur basketbolçu Maykl Cordandır. Onlar hər ikisi ambisiyalarına, başqalarının mənafeyinə hörmət edən insanlardır. 
 
-Gənclərə biznes və fərdi inkişafla bağlı nə kimi tövsiyyələr verərdiniz?
 
Təhsil bizim tək qazanc yoluna gedən biletimiz deyil, o bizim estetik nizam mənbəyimizdir. Dünyaya nə veririksə onu da alırıq. Verdiyimiz hər bir şeyin gözəlliyi bizim üçün vacib olmalıdır. İnsanlara inam özümüzə inamdan başlamır, insanlara inam hər kəsin mükəmməlliyini qəbul etməkdən başlayır.
 
 
Samirə Vəliyeva 

 

ŞƏRH YAZIN